Rusiya prezidenti Vladimir Putin Suriyadakı əməliyyatların Rus Silahlı Qüvvələri üçün unikal bir təcrübə olduğunu ifadə edib.
“A24.az” türk mediasına istinadən xəbər verir ki, Putin ölkəsinin Suriyadakı müharibələrə müdaxiləsini, Rusiya Ordusunun döyüş qabiliyyətini yaxşılaşdırmaq və yeni silahları sınaqdan keçirmək üçün “əvəzolunmaz fürsət” olaraq xarakterizə edib.Bu barədə Putin Rusiyanın televiziya və radiolarında ortaq yayımlanan “Birbaşa xətt” verilişində deyib: “Müharibə meydanında silahlı qüvvələrimizdən istifadə etmək unikal bir təcrübə, inkişaf etdirmək üçün isə əvəzolunmaz vasitədir. Heç bir təlim müharibə şəraitindəki qüvvələrin tətbiqi ilə müqayisə oluna bilməz”.
Kırım xəbər agentliyinin verdiyi məlumata görə, Putin “kağız üzərində yeni silahlara sahib olmaq bir şey, ancaq reallıqda necə işlədiklərini görmək çox başqa bir şeydir. Zabit və generallarımız çağdaş silahlı qarşıdurmanın nə demək olduğunu anlamağa başladılar” deyib.
Qeyd edək ki, rusiyalı mütəxəssislər Moskvanın Suriyadakı müharibələrdə 2015-ci ildən bu yana 200-dən çox silahı sınaqdan keçirdiklərini açıqlayıb. Suriya İnsan Haqları Təşkilatı Rusiya ordusunu məktəb, xəstəxana və inanların yaşadıqları məkanları hədəf alan hava hücumlarında 1.761 uşağı, 610 dinc sakini öldürməkdə günahlandırır. Rəsmi Moskva isə hava hücumları zamanı sivil insanların ölümünə səbəb olan iddiaları rədd edir.