Azərbaycan təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün dövlətlərlə hərbi əməkdaşlığa hazırdır.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərini və Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarını şərh edən Ş.Ramaldanov qeyd edib ki, bu bizim hərbi siyasətimizdir:
“Biz təkcə Türkiyə və Rusiya ilə deyil, dəvət edildiyimiz bütün təlimlərdə iştirak edirik. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığımız ya təlimlər, ya da yarışlarda iştirak etmək formasında olur. Qazaxıstanda snayperlər, topçular, minaatanlar yarışda iştirak edib və yüksək nailiyyət qazanıblar. Tankçılarımız Rusiya ilə “Tank biatlonu” yarışında iştirak edir və bu il də iştirak etməyə hazırlaşır. Azərbaycan-Gürcüstan-Türkiyə hərbi təlimləri keçirilir. Son təlimlər isə Naxçıvanda Türkiyə ilə keçirilən təlimlərdir. Burda da bizim hərbçilərimiz yüksək nailiyyətlər əldə ediblər”.
Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan bu gün öz gücünü silahlı qüvvələrinin təkbaşına keçirdiyi təlimlərdə, həmçinin birgə təlimlərdə, yarışlarda göstərə bilir. Digər dövlətlərin, ilk növbədə təcavüzkar Ermənistanın bu haqda məlumatı olur. O qeyd edib ki, onlar bundan öz paylarını götürürlər:
“O mənada ki, sabah Azərbaycanda kiminlə üzləşə biləcəklərini götür-qoy edirlər. Başa düşürlər ki, təkcə müasir silah-sursatın gücü ilə deyil, həm də o sulah-sursatı işlətməyi bacaran hərbi mütəxəssislərlə üzləşəcəklər. Əlbəttə, beynəlxalq aləmdə Azərbaycan bu gün öz iqtisadiyyatı, təbii sərvətləri, alimləri ilə tanınır. Azərbaycan bu gün dünyada həm də öz hərbçiləri ilə də tanınır. Demək olar bütün hərbi qurumlara, kurslara, beynəlxalq təhlükəsizlik tədbirlərinə Azərbaycan hərbi mütəxəssisləri dəvət olunurlar və orada aktiv iştirak edirlər. Bilirsiniz ki, Daxili işlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri də Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyətinin tərkibinə daxildir. Son hərbi təlimlərə gəldikdə də demək istəyirəm ki, onların əhəmiyyəti böyükdür. Ona görə ki, biz öz mütəxəssislərimizi beynəlxalq aləmə tanıda bilirik. Dolayısıyla, ölkəmizi dünyada layiqincə təqdim etməyi bacarırıq”.