“ABŞ ona görə Ermənistana böyük maliyyə dəstəyi vermək istəyir ki...”
Ermənistandakı son hakimiyyət çevrilişindən sonra sanki işğalçı ölkəyə Qərbin aparıcı dövlətləri və təsisatlarının maliyyə dəstəyi verəcəyi barədə xəbərlər yayılır. Burada əsas diqqəti cəlb edən ABŞ-ın atmağa hazırlaşdığı addımlardır.Xəbər verdiyimiz kimi, ABŞ Ermənistanın yeni hökuməti ilə “Minilliyin çağırışları” maliyyə dəstəyi proqramının bərpa olunmasını müzakirə edir. “Azadlıq” Radiosunun erməni redaksiyasının yaydığı xəbərə görə, bu barədə jurnalistlərlə söhbətdə Amerikanın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəfindən Ermənistana kömək göstərilməsi ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinkin İrəvan danışıqlarının gündəliyinə daxil edilib. Brink ötən həftə İrəvanda prezident Armen Sərkisyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanla bir araya gəlib: “Biz şadıq ki, Ermənistanın yeni hökuməti ilə ABŞ-ın bu hökumətə necə kömək eləməsinin müzakirə etmək imkanımız var. Bilirsiniz ki, bir neçə gün qabaq burada Dövlət Departamentinin rəsmisi Bricit Brink olub. O, Ermənistanın yeni hökumətinə necə dəstək verə biləcəyimizin yollarını müzakirə edib. Biz ABŞ tərəfindən mümkün variantları müzakirə elədik. Həmçinin, əməkdaşlığın digər yollarından danışdıq, ”Minilliyin çağırışları" maliyyə proqramı çərçivəsində maliyyə dəstəyi imkanından da danışdıq. Biz bu müzakirələri davam etdirəcəyik", - deyə səfir bildirib.
Qeyd edək ki, amerikalı səfir Ermənistanın yeni rəhbərliyi ili tez-tez bir araya gəlir, nəinki Rusiyanın səfiri. Az öncə o, Paşinyanla görüşdə Amerikanın Ermənistana hərtərəfli dəstək verməyə hazır olduğunu bildirmişdi. Paşinyan da komandasını bütünlüklə qərbpərəstlərdən, Rusiyaya nifrət edənlərdən formalaşdırır. Açıq görünür ki, Ermənistan bir əli ilə ABŞ-ın əlindən, o biri ilə Rusiyadan tutub irəliləmək istəyir. Bəs, bu, mümkün olacaqmı?
Politoloq Natiq Miri “Yeni Müsavat”a şərhində bildirdi ki, Paşinyanın Qərbə inteqrasiya xəttinə üstünlük verməsi ilk növbədə öz hakimiyyətini möhkəmlətmək istəyindən irəli gəlir:“Bu gün Ermənistanda çox həssas vəziyyət hökm sürür. Çünki iqtisadi cəhətdən böhran yaşanır. Xalqın çiynində hakimiyyətə gələn Paşinyan xalqın gözləntilərini reallaşdırmaq zorundadır. Ümumiyyətlə, bütün inqilablarda xalqın inqilab liderlərindən böyük gözləntiləri olur ki, bunu da mütləq mənada yeni hökumət qismən də olsa xalq daddırmalıdır. Bu gün Paşinyan hökumətinin etmək istədiyi əslində budur. Mitinqlər dövründə iki məsələyə xüsusi yer verilmişdi. Bu da iqtisadiyyatda monopolyanın və korrupsiyanın tamamilə aradan qaldırılması vədi idi. Paşinyan hökuməti bu vədi müəyyən qədər də olsa yerinə yetirmək istəyir. Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi vaxtlarda korrupsiyanın, monopoliyanın üzərinə çox kəskin şəkildə gedilmişdi. Lakin Ermənistanda bunu müşahidə etmirik. Ona görə belədir ki, Paşinyan hakimiyyətinin dayaqları hələ də çox kövrəkdir. Serj Sərkisyan hakimiyyəti dövründə möhkəmlənmiş oliqarxlar hələ də Ermənistanda güclü olduğu, Rusiyanın Ermənistan silahlı qüvvələrində böyük təsir imkanları qaldığı üçün yeni hökumət kəskin addımlara gedə bilmir. ABŞ-ın Ermənistandakı səfiri ilə yeni hakimiyyətin təmsilçilərinin görüşləri Paşinyan iqtidarının möhkəmlənməsi üçündür. Bunun üçün hökumətə böyük maliyyə qaynağı əldə etmək, ABŞ-ın maliyyə yardımını əldə eləmək lazımdır. Rusiyanın bu maliyyəni hazırda Ermənistana vermək imkanı yoxdur. Digər tərəfdən də Moskva Paşinyan iqtidarının möhkəmlənməsini istəmir. Ona görə də ABŞ bu vəziyyətdən məharətlə istifadə edərək gələcək perspektivdə Ermənistana müxtəlif adlarla maliyyə ayıracaq ki, ən azından Ermənistan iqtisadi cəhətdən ayaqda dura bilsin və yeni hökumətə qarşı etirazlar başlamasın. Vaşinqton Rusiyanın Ermənistandakı qərbyönümlü yeni hakimiyyətini devirə bilməməsi üçün onu gücləndirməyi, ac erməni xalqına maliyyə ayırmağı qarşısına məqsəd qoyub”.
Politoloqun sözlərinə görə, hökumətinin kökləri dərinlərə işləyənə qədər Paşinyan Rusiya ilə çox ehtiyatlı davranacaq, bir əli ilə ABŞ-ın ətəyindən yapışacaq, o biri əlini isə Rusiyanın əlindən tutacaq: “Bu gün yürüdülən balanslı siyasət bununla bağlıdır. Ermənistanda yeni parlament seçkilərinin keçirilməsi və yeni Seçki Məcəlləsinin qəbul olunması reallaşacaqsa, parlamentdə üstünlüyü Paşinyanın partiyası qazanarsa məhz bundan sonra yeni hökumət daha çox Qərbə inteqrasiya xəttinə keçəcək, Rusiyadan tədricən məsafə saxlanacaq. Artıq indidən əsasən Qərbyönümlü insanlar hökumətdə vəzifələrə təyin olunur. Açıq görünür ki, Paşinyanın istiqaməti Rusiya deyil, Qərbdir. ABŞ da bunun üçün Ermənistana böyük maliyyə dəstəyi vermək istəyir. ABŞ-ın maliyyəsi ilə Paşinyan hökumətinin köklərinin daha da dərinlərə nüfuz etməsi üçün addımlara atılacaq. Vaşinqton bilir ki, artıq birmənalı rusiyayönlü hakimiyyət Ermənistanda mövcud deyil. Bu isə Rusiyan Cənubi Qafqazdan çıxarmaq üçün böyük fürsətdir. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın duruş gətirə biləcəyi son qalasıdır. Ona görə də Ermənistanda daha çox Qərbyönümlü hakimiyyətin iş başına gəlməsi və möhkəmlənməsi ciddi əhəmiyyət daşıyır. Paşinyan da ABŞ-dan maksimum dərəcədə yararlanmağa çalışacaq”.
N.Miri qeyd etdi ki, Ermənistanın yeni hakimiyyəti hazırda Rusiyanı qəzəbləndirməmək üçün çox ehtiyatlı davranır: “Diqqət edirsinizsə, strateji yöndə Rusiyanı qıcıqlandıra biləcək addımlar atılmır. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı kimi nüvəsində Rusiya olan təşkilatlardan çıxmaq barədə Moskvanı qəzəbləndirə biləcək addımlar atılmır. Bu kimi addımlar o zaman atılmağa başlayacaq ki, Paşinyan hökuməti Ermənistanda həm siyasi, həm hərbi-polis gücü cəhətdən, həm iqtisadi, həm sosial cəhətdən çox ciddi şəkildə möhkəmlənəcək. Ermənistanın güc strukturları Rusiyayönlü zabitlərdən təmizlənəcək, ancaq bu, ehtiyatla aparılan və tədrici proses olduğu üçün Rusiyanı qəzəbləndirəcək şəkildə olmayacaq. Rusiyanın prosesə müdaxiləsi üçün zəmin olmalıdır. Paşinyan hökuməti hələlik belə bir zəmini Rusiyaya vermir, Rusiya ilə strateji müttəfiqliyi davam etdirəcəyini bəyan edir. Ancaq bu, müvəqqətidir. İrəvan müəyyən mərhələyədək bu siyasəti davam etdirəcək, çalışacaq ki, Moskva əksinqilab həyata keçirmək qərarını verməsin. Çünki indi Moskva belə bir qərar versə onu həyata keçirmək nisbətən asandır, gələcəkdə hökumət gücləndikdən sonra həyata keçirmək mümkün olmaz. Yeni parlament seçkiləri hələ keçirilmədiyi üçün hazırkı parlament Paşinyan hökuməti üçün böyük təhlükədir. Yeni hökumət bu təhlükədən xilas olduqdan sonra daha sərbəst hərəkətlərə başlayacaq”.
Muxalifet.az