“Aranı qarışdırmaqda məqsəd…” – Qüds böhranının gizlinləri

“Aranı qarışdırmaqda məqsəd…” – Qüds böhranının gizlinləri backend

Çox istərdim ki, bu proses sülh istiqamətində inkişaf etsin.

Kənar qüvvələr əslində bu prosesi daha kəskin qarşıdurmalara çevirib. Burada bir sıra maraqlar toqquşduğuna görə, qurbanlar sadə insanlar, mülki əhali olur.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Asim Mollazadə ABŞ səfirliyinin Qüdsə köçürülməsi nəticəsində İsrail-Fələstin münasibətlərində yaranan kritik vəziyyəti, 61 nəfərin ölümü və minlərlə insanın yaralanması faktını şərh edərkən deyib.
A.Mollazadə əlavə edib ki, bir sıra qüvvələr öz mövcudluğunu və bölgədə gücünü nümayiş etdirmək məqsədilə təhlükələr yaradır:

“Görünən odur ki, yaxın dövrdə sülh prosesi istiqamətində addımlar olmayacaq. Bu olduqca təəssüf doğuran haldır.
Aranı qarışdırmaqda məqsəd bölgədə təsir imkanlarını artırmaq, sülh prosesini təhdid edərək bölgəyə daxil olmaq istəyidir. Bu əsasən, Suriyada görünür. Orada hərbi qüvvələr arasında toqquşmalar özünü göstərir. Bu da çox təhlükəli prosesdir”.

A.Mollazadənin fikrincə, Qəzza da yaşananların ABŞ-ın səfirliyini Qüdsə köçürülməsi nəticəsində baş verdiyi inandırıcı deyil:
“Mənə elə gəlir ki, səfirliyin Qüdsə köçürülməsi sadəcə, bəhanədir. Əslində ABŞ-ın bu qərarı illər əvvəl verilib. İndi Tramp bu qərarı həyata keçirməklə sülh prosesinə yeni nəfəs vermək istəyini ifadə etdi. Lakin bu məsələ böyük toqquşmada bir epizod kimi qiymətləndirilməlidir. Yaxın Şərqdə əsas döyüş meydanı Suriya, İraq, Yəməndir. Bu meydanlarda hərbi toqquşmalar səngiməyəcək. Bu münaqişələrin sonu görünmür”.

Sonda Asim Mollazadə deyib ki, Qüdsdə baş verənlər daxil olmaqla Yaxın Şərqdə müşahidə edilən münaqişələr əslində bir-birilə sıx bağlıdır.
Diaspora