Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Prezident İlham Əliyevin son zamanlar İrəvanla bağlı siyasəti özündə bir sıra mühüm siyasi aspektləri ehtiva edir:“Heç kimə sirr deyil ki, ötən əsrin 20-ci illərində İrəvan əhalisinin az qala 80 faizi Azərbaycan türklərindən ibarət idi. İndiki Ermənistan ərazisinin 70 faizdən çoxunu Ermənistan türkləri təşkil edib. Hətta bir az uzağa getsək, Türkmənçay və Gülüstan sülh müqaviləsinə qədər nə Dağlıq Qarabağda, nə də indiki Ermənistanda ərazisində erməniyə rast gəlmək mümkün idi. O üzdən Azərbaycan bu gün həmin faktları açmaqla xalqın hafizəsini təzələmək istəyir və eyni zamanda, ermənilərə açıq mesaj göndərir. Ölkə başçısı da əsas vurğunu məhz buna edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək. Bakı İrəvanın qədim Azərbaycan torpağı olmasını və bu şəhərin Türkiyə, Gürcüstan, Rusiya və ingilislərin təzyiqi nəticəsində ADR tərəfindən paytaxt kimi ermənilərə 99 illiyinə icarəyə verilməsi ilə bağlı real tarixi faktları gündəmə gətirməklə bütün dünyaya ermənilərin gəlmə xalq olduğunu sübut edir və Ermənistana “dur” mesajını verir”.
Politoloq qeyd edib ki, hazırda Azərbaycanın qarşısında duran əsas hədəf BMT və dünya tərəfindən tanınmış ərazi bütövlüyünü təmin etməkdir:
“Ermənistan Dağlıq Qarabağı və onun hüdudlarından kənar 7 rayonu mənimsəməyə başlayıb. Bu baş verməsəydi, heç olmasa, onların sülhə meyilliliyi barədə nəsə düşünmək olardı. İrəvanın yeritdiyi siyasət onu göstərir ki, ermənilər sülhü imitasiya edərək, işğal edilmiş torpaqlarımızı geri qaytarmaq istəmirlər. Belə görünür ki, Qarabağ müharibə yolu ilə həllini tapacaq”.
Politoloq bu arada Rusiyanın Ermənistandan uzaqlaşmayacağını bildirib:
“Rusiya Cənubi Qafqazı özünün arxa baxçası hesab edir və o üzdən Ermənistanı Qərbə, xüsusilə də NATO-ya güzəştə getmək fikrində deyil. Ona görə də Rusiya bu torpaqlardan dördəlli yapışıb. Rusiyanın Ermənistanla bağlı çox ciddi fikirləri var. Rusiya ondan min bir tellə asılı olan forpostunun qorunub saxlanılmasının tərəfdarıdır və bunu həyata keçirəcək”
(axar.az).