MÜHARİBƏ ƏLİLLƏRİ DƏ PROSESƏ NƏZARƏT EDƏCƏK

MÜHARİBƏ ƏLİLLƏRİ DƏ PROSESƏ NƏZARƏT EDƏCƏK backend

Şəhid ailələrinə ayrılan maliyyə vəsaitinin mənimsənilməsi ehtimalı çox aşağıdır

Həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə nəzarət olunacaq. Bu nəzarəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan Komissiya edəcək.

Qeyd edək ki, Komissiya Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya artıq ilk iclasını keçirib.

Prezident Fərmanına diqqət çəkən Komissiya sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, sosial müdafiə əhəmiyyətli bu mühüm Fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Nazirliyin əmri ilə yaradılan komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək.

Komissiya sədrinin sözlərinə görə, fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: "Bu işlər fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə bu hüquqlarının tanınmasını təmin edəcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaq”.

Şəhid ailələrinin həssas qrup olduğunu vurğulayan "Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov hesab edir ki, prezident fərmanı ilə şəhid ailələrinə ayrılan maliyyə vəsaitinin mənimsənilməsi ehtimalı çox aşağıdır. Hətta Nəzarət Komissiyası yaradılmasa da, belə bir gözlənti yoxdur.

Nəzarət Komissiyasının dünən özünün ilk toplantısını keçirdiyini qeyd edən F.Məmmədov deyib ki, atılacaq addımlarla bağlı müəyyən ölçülər götürülüb. Çox güman ki, ən yaxın müddətdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində müəyyən olunan kompensasiya ödəniləcək. Sözsüz ki, neqativ hallara yol verilməsin deyə biz özümüz də prosesi nəzarətdə saxlayacağıq. Şəhid ailələri, Qarabağ əlilləri ilə daimi əlaqələrimiz var. Əgər hansısa ailəyə qarşı neqativ münasibət sərgilənsə, biz dərhal reaksiya verib məsələni ictimailəşdirəcəyik: "Amma yenə deyim ki, hansısa qeyri-şəffaf hadisələrin şahidi olacağımıza inanmıram. Əvvəllər sığorta şirkətlərinin hansısa mənimsəmə faktlarına yol verdiklərinin şahidi olurduq, amma ortada prezident sərəncamı ola-ola bu cür qanunsuzluqlara yol veriləcəyini güman etmirəm”.

Komissiyanın tərkibi ilə bağlı məlumatsız olduğunu vurğulayan F.Məmmədov tanıdığı ictimaiyyət nümayəndələrindən orada heç kimin təmsil olunmadığını deyib: "Ola bilsin ki, İctimai Şura üzvlərindən kimlərsə var, şəxsən mən yoxam”.
Diaspora