Avrasiyaçılıq fikrinin görkəmli nümayəndələrindən olan və Rusiya prezidenti Putinin ideoloji rəhbəri kimi tanınan professor Alexandr Dugin Qərbin Türkiyə, İran və Rusiyaya qarşı birləşdiyini qeyd edərək, bu plana qarşı öz təkliflərini irəli sürüb.
“Hürriyyət”-in məlumatına görə, Dugin mətbuata açqılamasında deyib:“Qərb dövlətləri böyüməkdə olan üç keçmiş imperiyayla döyüşmək istəyirlər. Biz öz aramızda birlik yaratmasaq, yenə yox olur, gedəcəyik".
Dünyaya əmin-amanlığın ancaq çoxqütblü dünya düzəni ilə gələcəyini düşünən professor Suriyada sülhün təsisi və Aralıq Dənizindəki neft yataqları məsələlərində dünyanın təkqütblü super gücü olmaq istəyən ABŞ ilə Rusiya arasında razılaşma əldə olunmadığını deyib.
Kremllə Ağ Ev arasında Suriyanın gələcəyi ilə bağlı ancaq iqtisadi, strateji və hərbi problemlər həll edildikdən sonra razılığa gəlməyin mümkünlüyünə diqqət çəkən Duginə görə, Rusiya və ABŞ-ın hazırda anlaşa biləcəkləri şərait mövcud deyil: “Bu, yalnız Əsədin şəxsiyyətindən də qaynaqlanmır. Problem “Suriya necə xilas edilə, oraya necə sülh gələ bilər” sualında gizlənib. Bu məsələdə tutduğumuz mövqe, çox təəssüf ki, ABŞ ilə bir araya gəlməyimizə, birgə iş görməyimizə mane olur.
Aralıq dənizdəki neft yataqları da ayrı bir problem kimi qarşımızda dayanır. ABŞ ilə bu nöqtədə bir uzlaşma zəmini arayışındayıq. Biz çoxqütblü bir dünya yaratmağa çalışırıq ki, bu da təkqütblü dünyanın sonu deməkdir. Bu üzdən bütün müstəqil ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Aralıq dənizinin siyasi və geosiyasi bütün sahələrini yenidən inşa etməyə çalışırıq".
Dugin təkqütblü dünya sisteminin etibarlılığını artıq qəbul edtmədiklərini bildirərək, bu məsələdə Rusiya kimi Türkiyə və İranın da mövqeyi eyni olduğunu xatırladıb:
“Hər üç dövlət arasında məntiq müstəvisində əməkdaşlıq mövcuddur. Bu səbəbdən Suriyanın, hətta bütün bölgənin gələcəyi, resurslar ilə bağlı Rusiya, Türkiyə və İran razılığa gəlməlidir. Bizim təkqütblü dünyanın sonu gəlmədən ABŞ ilə razılaşmağımız mümkün deyil. Çünki birqütblü dünyanın etibarlılığını artıq qəbul etmirik. Problem müqavilələrlə və ya iqtisadi nisbətlərlə bağlı deyil, güc balanslarının tamamilə dəyişilməsi məsələsi ilə əlaqədardır. Bu dəyişikliyin ən bariz şəkildə baş verdiyi yer isə Aralıq dənizidir. Aralıq dənizinin geosiyasətini yenidən nizamlamaq üçün Türkiyə ilə tam əməkdaşlıq içində olmağımız lazımdır”.
Türkiyə, İran və Rusiyanın eyni gəmiyə minərək, ortaq bir strategiya müəyyənləşdirmək məcburiyyətində olduğunu düşünən Duginin fikrincə, bütün ortaqlıqlarda hər kəsə müəyyən bir vəzifə düşür. Biri qəlb olur, biri beyin. Bir başqası isə cəsarəti təmsil edir. Hamısı bir araya gələndə çox təsirli orqanizm ortaya çıxır. Biz ayrı-ayrılıqda Qərb qarşısında asimmetrik olaraq çox zəif vəziyyətdəyik. Amma hamımız bir araya gələndə Çin, Pakistan, İslam ölkələrini, bəlkə də Afrika, hətta qlobalizmə qarşı olan Amerika və Avropalı insanlarını da nəzərə alsaq, çox böyük dostumuz, müttəfiqimiz olduğunu görürük. Bu asimmetrik birliyin böyük gücə çevrilməsi labüddür ".
Alexandr Dugin rusların türklərə olan sevgisinin hər ikisinin kökənlərindən qaynaqlandığını iddia edərək, tarixən Osmanlıların Avrasiya imperitorluğu olduğunu, Türkiyənin də Avrasiyaçı olmağa çalışdığını irəli sürüb. Türk Avrasiyaçılığı fikirlərini Türkiyənin Avrasiya və Avropa mədəniyyətlərini birləşdirən bir nöqtədə yerləşməsiylə əsaslandıran Dugin Rusiyanın da bənzər xarakterə malik olduğunu bildirib:
"Rusiya və Türkiyə iki mədəniyyət arasında, Asiyalı olduğunu unutmadan, köklərindən sapmadan yaşamaq məcburiyyətindədir. Avrasiyada türklər və ruslar arasında imperiya maraqlarından və rəqabətdən qaynaqlanan müharibələr, qarşıdurmalar olub, eyni şəkildə Fars İmperiyası ilə də. Sonra bu üç böyük imperatorluq dağılıb. Beləliklə, tarixi köklərimizə geri qayıtsaq, yenidən bu gücü əldə edə bilərik. Əgər tarixdə etdiyimiz səhvləri təkrarlasaq, eyni şəkildə yox olub, gedəcəyik. Avrasiya ittifaqı çox dərin və mənəvi bir dəyərdir".
Dugin, Avropa və ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyaların Türkiyə təsir edib-etməyəcəyinə dair sualı isə belə cavablandırıb:
“İqtisadiyyat çox asanlıqla adaptasiya oluna bilən şeydir. İqtisadiyyat özünü azadlığa, müharibələrə, sülhə rahatlıqla uyğunlaşdıra bilir. Sanksiyaların regional dövlətlər üçün bir fürsət olduğunu düşünürəm. Qərb tərəfindən Rusiyanın üzünə bağlanan bəzi sahələr Türkiyə tərəfindən çox asanlıqla doldurula bilər. Yeni əməkdaşlıqlar qurmaq, tərəfdaşlar axtarmaq və tapmaq da aramızdakı əlaqənin daha da möhkəmlənməsini təmin edəcəkdir.
Eyni vəziyyət İrana tətbiq edilən siyasətin yenilənməsinə yol açdı. Bölgəsində getdikcə güclənən Türkiyə də müstəqil siyasətlərini, mövqeyini bu şəkildə davam etdirsə, eyni uğurları Türkiyə də əldə edə bilər. Çünki cinayətkarları cəzalandırmaq bəhanəsiylə bir sıra embarqolar qoyan Qərbin həqiqi məqsədi başqa ölkələrin öz maraqlarına xidmət etməsini təmin etməkdir. Bu da idarəetmənin bir nömrəli qanunudur.
Qlobalistlərin Türkiyəni daha gücsüz hala gətirmək, hətta yox etmək istədiklərini bilirik. O üzdən bir-birimizə daha yaxın olmaq məcburiyyətindəyik və çoxqütblü bir dünya üçün birlikdə mübarizə aparmalıyıq. Dünya sülh üçün keçmiş yüksək səviyyəli imperiyaların yenidən ayağa qalxması lazımdır. Qərb bu gün türk, fars və rus ittifaqına qarşı birləşib və böyüməkdə olan bu üç keçmiş imperiyaya qarşı döyüşmək istədiyini elan edib. Fransa prezidenti Makronun son açıqlamaları da bunu göstərir".
Professor Alexandr Dugin yaxın keçmişdə türk, fars və rus imperiyalarının öz aralarında müharibə edərək yox olub getdiklərini və bu üç mədəniyyətin bir araya gələrək tarixi yenidən yazmaq məcburiyyətində olduğunu vurğulayıb:
“Eyni səhvləri təkrar etməməliyik. Üç böyük tarixi imperiya arasında yeni bir güc birliyi təmin etməliyik. Bir-birimizə qarşı deyil, birlikdə, Ankara-Moskova-Tehranın təşkil etdiyi Avrasiya imperiya üçbucağı qurmalıyıq”.
Aleksandr Dugin açıqlamasında Dağlıq Qarabağ, erməni problemi və zaman-zaman mətbuata əks olunan Rusiyanın PYD-PKK ilə əməkdaşlığı iddialarına da aydınlıq gətirib:
“Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağla bağlı hər hansı bir problemin olduğunu düşünmürəm. Bu məsələdə eyni mövqedəyik. Biz Azərbaycan tərəfini tuturuq. Kürdlərə, yəni PYD-PKK-ya da heç bir təsirimiz yoxdur. Bu qruplardan ABŞ istifadə edir. Strateji olaraq baxdığımız zaman kürd torpaqları tamamilə ABŞ-ın nəzarətindədir. ABŞ kürdləri öz maraqları istiqamətində əməkdaşlıq edir. Bizim regionda istifadə etdiyimiz tərəfdaşımız yoxdur. Bu da türklərlə birlikdə olmağımızın bir səbəbidir”.