Koreya yarımadasının birləşməsi gündəmə gəlir və buna ən çox cənublular qarşı çıxır.
Çünki belə bir hadisə baş versə, Şimali Koreyanın bütün xərcləri onların boynuna düşəcək. Bu gün dünyada iqtisadi gücünə görə ilk 10-luğa düşmək istəyən Cənub, birləşmə baş versə, 50-60 pillə geriləyəcək.Qaziler.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. Ekspetin sözlərinə görə, eyni dildə danışan, eyni dinə aid, eyni xalq olan koreyalılar Şimal və Cənuba ayrılandan sonra ayrı-ayrı yolla gedib:
“Hazırda Cənubi Koreyada ÜDM 1,5 trilyon, adambaşına düşən ÜDM isə 27.000 dollardır və iqtisadi böyüklüyünə görə dünyada 13-cü yeri tutur. Şimali Koreyada isə ÜDM 41 mlrd. dollar, adambaşına düşən ÜDM 1400 dollar təşkil edir və bu ölkə iqtisadi böyüklüyünə görə dünyada 213-cü yerdədir. Cənubi Koreyada 51 mln əhaliyə 59 mln. mobil telefon var. Şimali Koreyada isə 26 mln. əhaliyə cəmi 3 mln. mobil telefon düşür. Cənubi Koreyada ölkə yollarının 92%-i asfalt və betondur. Şimali Koreyada isə ölkə yollarının cəmi 3%-i asfaltla örtülüb.
Cənubi Koreyada 20 milyondan çox avtomobil olsa da, Şimali Koreyada bu rəqəm cəmi 2 milyona yaxındır və əksəriyyəti də köhnədir. Maraqlı məqamlardan biri də budur ki, Cənubi Koreyada tək mikrosxem ixracından ölkəyə 64 milyard dollar gəlir gətirir, Şimali Koreyada ölkənin ən çox valyuta gətirən ixrac malı isə daş kömürdür - cəmi 900 milyon”.
Ekspert vurğulayıb ki, əsas problem cənubluların 26 milyon zombidən qorxmasıdır. Öz xalqı, milləti olsa da, eyni dil-din daşısalar da, cənublular Şimalın əhalisinin Cənubun sisteminə uyğunlaşmasının çox ağrılı olacağını düşünürlər:
“Cənubda seçki, liberal iqtisadiyyat, ədalətli məhkəmə bərqarar olunub. Onlar özlərinə bu günə qədər 14 prezident seçiblər və korrupsiyaya görə 1 prezidenti həbsə atıblar. Şimalda isə tək bir ailənin - Kim dinastiyasının kommunist-monarxiq rejimi qurulub. Bu ölkədə nə seçki var, nə ədalət, nə də iqtisadiyyat - ölkədə hər şey bir ailənin rifahı üçün düşünülüb. Ona görə də eyni xalq olan koreyalıların bir yerdə yaşamasını cənublular mümkünsüz sayır. Seulda bu problemlə məşğul olan, 1000 nəfər işçi çalışan elmi-araşdırma institutu var, onların hesabatları da bu yöndədir”.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya Prezidenti Mun Çje İnlə görüşüb.