Qabil Hüseynli: “Hansısa plan üzərində iş gedir və o planı tezliklə həyata keçirmək istəyirlər”
Ermənistanın “Yolk” müxalifət fraksiyası iki gün əvvəl baş nazir postuna İrəvandakı etiraz hərəkatının başçısı, deputat Nikol Paşiyanın namizədliyini irəli sürüb. Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.“Yolk” fraksiyası və ona bağlı olan “Sarukyan” bloku hazırda Ermənistan parlamentində 40 mandata malikdir. Hökumət başçısının seçilməsi üçün 53 deputatın səsi tələb olunur. Respublika Partiyasının parlamentdəki deputatlarının sayı isə 58 nəfərdir.
“Yolk” fraksiyası və ona bağlı olan “Sarukyan” bloku Ermənistan parlamentində 40 mandata malik olsa da, hazırda N. Paşinyanın xalqın arasında nüfuzu çoxdur. Əgər N. Paşinyanın növbədənkənar seçkilər keçirilməsi tələbi yerinə yertirilərsə, o zaman Paşinyanın tərəfdarlarının parlamentdə sayı arta və o, baş nazir seçilə bilər.
Bildirilir ki, baş nazir seçimindən öncə siyasi partiyalar arasında danışıqlar sürətlənib. Paşinyan dünən Ermənistanın ana müxalifəti sayılan Çarukyan Blokunun rəhbəri və iş adamı Qagik Çarukyanla yenidən görüşüb. Paşinyanın yaydığı mesajdan sonra tərəflər arasında yekun razılaşmanın əldə olunmadığı və danışıqların bundan sonra da davam etdiriləcəyi bəlli olub.
Baş nazir seçimindən öncə siyasi partiyalar arasında danışıqlar sürətlənsə də, hadisələrin gedişi Rusiyanı qane etmir. Elə bu səbəblərdən də srağagün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya gedib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə məxfi şəkildə İrəvana gəlib-getdiyi bildirilir. Aydın olur ki, Nalbandyan Ermənistandakı son vəziyyəti Rusiya prezidentinə məruzə etmək üçün Moskvaya çağırılıb.
Srağagün həm də Ermənistan prezidenti Armen Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. V.Putinin Ermənsitan prezidenti ilə telefon danışığı, eyni zamanda N.Patruşevin məxfi şəkildə İrəvana gəlib-getməsi, E.Nalbandyanın Moskvaya səfəri onu göstərir ki, Ermənistandakı son durumdan Moskva çox narahatdır. Belə məlum olur ki, Ermənsitanda növbədənkənar parlament sekilərinin keçirilməsi tələbi və N. Paşinyanın baş nazir postuna namizədləyinin irəli sürülməsi Rusiyanı qane etmir. Hətta buna görə Rusiya Ermənistanda ciddi nəticələrə səbəb olacaq addımlar ata bilər.
Dünən ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlaması onu göstərir ki, Ermənsitanda vəziyyət getdikcə gərginləşir. Hətta vəziyyət o həddə gəlib çatıb ki, Respublika Partiyasının tərəfdarları ilə deputat N. Paşinyanın tərəfdarları arasında qan tökülə bilər, yəni ölkədə vətəndaş qarşıdurması ehtimalı var.
Qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları hazırda davam etdirilir. N. Paşinyan bütün sürücüləri yerli vaxtla 12:05 radələrində avtomobilləri dayandırıb yolları bağlamağa çağırıb. Etiraz aksiyası yerli vaxtla saat 19:00-dan etibarən İrəvan meydanında davam etdiriləcək.
“Paşinyanın baş nazir olması çox çətin proses olacaq”
“Paşinyanın baş nazir olmasına Rusiya imkan verəcəkmi” sualına cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, bu, çox çətin proses olacaq: “Rusiya Ermənistandakı hadisələrə əl qatıb. Artıq bu gündən bunun bir çox əlamətləri görünməkdədir və Rusiya Ermənistanı üsyançılarla birlikdə qan içində boğmaq niyyətindədir. Hər halda Rusiyanın belə bir planı var. Neçə illərdir Rusiyanın subsidiyaları hesabına yaşayan bir ölkədə ona qarşı itaətsizlik qəzəb doğurur. Putin bu barədə xəbərdarlıq edib. Rusiya Təhlükəsizlik İdarəsinin rəisi Nikolay Patruşev xəlvətcə bu gün səhər İrəvana gəlib-gedib. Xarici işlər naziri Nalbandyanla baş nazirin müavini də Moskvaya yollanıblar. Yəni hansısa plan üzərində iş gedir və o planı tezliklə həyata keçirmək istəyirlər”.
“Xalq iradəsini ortaya qoyub, qoymaqda da davam edəcək”
“Xalqın iradəsi buna imkan verəcəkmi” sualına isə Q. Hüseynli belə cavab verdi: “Bəli, xalqın iradəsinə hörmət etmək lazımdır. Amma hələ ki, bu anlayış Rusiya siyasi elitasında özünə möhkəm yer tapmayıb və Ermənstanı quberniya kimi görürlər. Əlbəttə ki, xalq müqavimət göstərəcək. Xalq iradəsini ortaya qoyub, qoymaqda da davam edəcək. Amma nəticəsi necə olacaq, onu söyləmək çətindir. Əgər polis və hərbiçilər xalqın tərəfinə keçərlərsə, onda Rusiyanın müqavimətinə qarşı adekvat müqavimət qoymaq olar. Polis və hərbiçilər əvvəl xaqlın tərəfinə keçdi, sonra yenə geri çəkildilər. Hər şey cərəyan edən hadisələrin xarakterindən asılı olacaq. Yəni rus ordusu 102-ci Gümrü briqadasını hərəkətə gətirsə, tanklar İrəvanın küçələrinə girsə və etirazçıların qanı tökülsə, o zaman məncə, polisin də, hərbiçilərin də xalqın tərəfinə keçməsi ehtimalı var. Amma başqa cür taktika da işlədə bilərlər”.
““Rus ayısı” hərəkətə gələndə heç nəyi vecinə almır”
“Rusiya 102-ci briqadanı hərəklətə gətirə bilərmi ki. Yəni beynəlxalq aləmdən heçmi çəkinmir” sualına gəlincə isə politoloq vurğuladı ki, Ermənistan dünya üçün Ukraynadan əhəmiyyətli deyil: “Ermənistan heç Gürcüstandan da əhəmiyyətli deyil. Bizdə baş verən 20 yanvar hadisələrini yadına salıram. Mənə belə gəlir ki, “rus ayısı” hərəkətə gələndə heç vaxt bu məsələləri vecinə almır. Ona görə də Rusiyanın Ermənsitanda da qan tökməsi ehtimalı var. Yəni müqavimət bu cür davam etsə, mümkündür. Ermənistan zəif dövlətdir, strateji ehtiyatları yoxdur, əhalinin böyük hissəsi tətildədir, müəssisələr işləmir, ölkənin də ehtiyatları tükənməkdədir. Bəziləri iddia edir ki, ölkə xaosa, anarxiyaya doğru gedir. Rusiya da bunu bayraq edərək xaosun qarşısını almaq məqsədilə öz hərəkətlərinə bəraət qazandıra bilər”
Hüseynli onu da əlavə etdi ki, bu vəziyyətdə Azərbaycan özünü təmkinli aparır: “Proseslərə qarışımır, bunu Ermənistanın öz daxili işi hesab edir”.
Muxalifet.az