Paşinyan qərbyönlüdür, amma Qərb hələlik onu dəstəkləmir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.“Nikol Paşinyan qərbyönlü, daha dəqiq desək, liberal müxalifətin nümayəndəsidir. Bu o demək deyil ki, Paşinyana birbaşa ödənişi Vaşinqton edir. Aydın olan əsas məsələ erməni müxalifətinin Rusiyanın əleyhinə olaraq Avropa Birliyi və ABŞ-la görüşə getməsidir. Bu səbəbə görə, erməni müxalifətinin daxilində Moskvanın ünvanına və ya Rusiyanın aktiv olduğu bütün inteqrasiya bloklarına qarşı etirazlar daha yüksək səslə ortaya çıxır.
Mən Qərbin bütün baş verənlərə görə günahlandırılmasının tərəfdarı deyiləm. Buna görə hər şeydən əvvəl bizim öz məmurlarımızdan doğru edib-etmədiklərini soruşmaq lazımdır. Bu, həm də Ermənistanın hakim orqanlarına da aiddir”.
Trofimçuk bildirib ki, Ermənistan müxalifəti hər zaman narahat olub və “inqilab” sözünü tez-tez səsləndirib:
“Məsələn, bir müddət əvvəl də baş tutan aksiyaları bəziləri “Elektromaydan” adlandıraraq, Ukraynadakı Maydana bənzər prosesləri başlatmaq istəmişdilər. Bu etirazlar mövcud hakimiyyəti devirə bilməz. Belə ki, heç bir məxməri inqilab variantı erməni mentalitetinin özü tərəfindən qəbul edilmir. Bunun üçün 1999-cu ildə ölkə parlamentinin güllələnməsini xatırlamaq kifayətdir.
Vaşinqton çalışır ki, geosiyasi qeyri-stabillikdən istifadə etsin, Qarabağ problemi, Gümrüdəki rus bazası və digər faktorları nəzərə alıb, destabilizasiyanı Cənubi Qafqaza yenidən yönəltmək üçün lazımi zamanı gözləsin. Bunun üçün onlar Ermənistan daxilində öz mövqelərini gizlətməyən müxtəlif fərqli qeyri-hökumət, ictimai təşkilatlardan istifadə etməyə çalışacaqlar”.
Trofimçukun sözlərinə görə, Paşinyan Sərkisyanın adamı deyil, amma o, Serj Sərkisyana sərfəlidir:
“Müxalifətin aktiv etirazları rəsmi İrəvana Qərbə ölkədə demokratik proseslərin olması ilə bağlı misallar çəkməyə imkan yaradır. Hələlik erməni hakimiyyətini diktator metodlarından istifadə də günahlandırmaq çətindir. Bu isə hələlik belədir”, – deyə o bildirib.