Ərdoğan Suriya üçbucağını dağıtdı – Şərh

Ərdoğan Suriya üçbucağını dağıtdı – Şərh backend

ABŞ Suriya Prezidenti Bəşər Əsədi güc yolu ilə devirmək istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Suriyaya qarşı aprelin 14-də başlanan əməliyyatları dəstəkləyir. Ancaq Ankaranın bu addımı Türkiyə-İran-Rusiya üçbucağının mövqeyinə ziddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq Kamran Həsənov deyib.

O bildirib ki, Ankara hazırda iki seçim qarşısındadır:

“Bir tərəfdən, Ərdoğan Əsədin hakimiyyətdə qalmasını istəmir. Rusiya isə Ərdoğanın Afrin əməliyyatları ilə azad etdiyi bölgələri hökumət qüvvələrinə təslim etməli olduğunu dilə gətirir. Digər tərəfdən, Türkiyə Rusiya və İranla Suriya mövzusunda əməkdaşlıq edir.

Təxminən 10 gün öncə 3 ölkənin liderlərinin Ankarada sammiti keçirilib. Görüşün sonunda tərəflər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığı və ABŞ-ın dəstəklədiyi kürd separatçılara qarşı birgə mübarizə sahəsində razılaşdıqlarını bəyan ediblər.

ABŞ Prezidenti Donald Tramp Suriyaya hücum edəcəklərini açıqladıqdan sonra Türkiyə Baş naziri Binəli Yıldırım Ankaranın çətin seçim qarşısında qaldığını bəyan etdi. Əməliyyat başlandıqdan sonra Türkiyə hücumları məmnuniyyətlə qarşıladığını bildirdi. Əməliyyatda iştirak etməsə də, Ankara müttəfiqlərə İncirlikdən istifadə imkanı yaratdı. Pentaqonun Suriyaya hücumunu Ankara yalnız Əsədə qarşı münasibəti ilə bağlı qiymətləndirir”.

Kamran Həsənovun sözlərinə görə, Ərdoğan Dumaya edilən kimyəvi hücumlarda Əsədi ittiham edir:

“Ancaq Ərdoğan son olaraq, Tramp və Putinlə telefon danışığından sonra bəyan etdi ki, Suriyada sülh və sabitlik bərpa edilməlidir. Çox güman ki, Ərdoğan bununla Rusiya və ABŞ arasında Suriyada baş verə biləcək hər hansı toqquşmanın qarşısını almaq niyyətindədir. O, Rusiya və ABŞ arasında toqquşma baş verəcəyi təqdirdə Türkiyənin neytral qalacağını göstərdi. Ərdoğan çıxışı zamanı Türkiyənin tərəfdaşlarına silah qaldırmayacağını bildirdi və dedi ki, Ankara nə Vaşinqton, nə Moskva, nə də ki Tehrandan imtina edəcək”.

Politoloqun fikrincə, ABŞ-ın ehtiyatlı davranması Türkiyəni çətin seçimdən kənarda saxladı:

“Hücum zamanı Rusiyaya məxsus hərbi obyektlərə zərər dəymədi. Demək ki, Türkiyə çətin seçimdən yan keçdi. Türkiyənin Əsədi qoruması İran və Rusiyanın müxaliflərlə birgə döyüşməsinə bərabərdir”.

Diaspora