“Sosial şəbəkələrdə hər gün bir böyüyümüzə sayqısızlıq göstərilirsə, bu da o büstün uçurdulması kimi bir şeydir...”
“Ola bilsin ki, merin Şəhriyardan xəbəri yoxdur, onu tanımır.”Bu sözləri Moderator.az -a açıqlamasına xalq şairi Sabir Rüstəmxanlı Güney Azərbaycanda ustad Şəhriyarın büstünün şəhər meri tərəfindən uçurdulmasına münasibət bildirərkən deyib. Xalq şairi bildirib ki, xalq öz ziyalılarına sahib çıxmalıdır:
“Əslində Şəhriyara İranda böyük sevgi var, farslar da, türklər də və başqa millətlər də onu çox sevir. Şəhriyar təkcə türkcə yox, həm də farsca yazıb. Şəhriyar fars ədəbiyyatının son min ildə ən böyük zirvələrindən biridir. Əgər İranda ona sayqısızlıq varsa, onda bunlar öz dillərinə, öz mədəniyyətlərinə, öz tarixlərinə və mədəniyyətlərinə sayqısızlıq göstərirlər. Mer yəqin ki, türk deyil, bunu bilmədən cavab vermək çətindir”.
S.Rüstəmxanlı bildirib ki, oxşar hadisə bizdə də baş verib:
“Buna bənzər hadisə bizdə də baş verib. Gəncə şəhərində M.Ə.Rəsulzadənin başına çuval keçirmişdilər. İndiyə qədər də o məsələ öz həllini tapmayıb. Görünür, bu həm də millətin öz böyüklərini dəyərləndirməməsidir. Bu gün saytlarda, sosial mediada, feyzbuk səhifələrində hər gün bir böyüyümüzə sayqısızlıq göstərilirsə, bu da elə o büstün uçurdulması kimi bir şeydir. Millət gərək öz böyüklərinin qədrin bilsin. Həm orda, həm də burda cəhalət hələ davam edir”.