Almaniyanın “ZDF” televiziya kanalında jurnalist Volfqanq Tsimmerman tərəfindən “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” başlıqlı reportaj verilib.
Muxalifet.az xəbər verir ki, trend-in məlumatına görə, reportajda İrəvan Universitetinin 33 yaşlı alman dili müəlliməsi Astqik Tarloyanın çətin maddi vəziyyəti, müəllimliklə yanaşı, tərcüməçilik fəaliyyəti ilə məşğul olması, onun dostlarının və tələbələrinin Almaniyaya köçməsi, hətta özünün də Almaniyaya köçmək məsələsini artıq nəzərdən keçirməsi qeyd olunur.Reportajajda aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin 2/3-nin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul olduğu göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir.
Həmçinin “Transparency International”ın korrupsiya indeksinə əsasən Ermənistanın Efiopiya, Makedoniya və Vyetnam ilə yanaşı, 107-ci yeri tutduğu bildirilir. İqtisadiyyatın oliqarxların əlində cəmləşməsi, hakim dairələrlə qohumluq və ya dostluq münasibətlərinə malik olmayanların sahibkarlıq sahəsindəki fəaliyyətinin perspektivinin yoxluğu və ədliyyə sisteminin hakimiyyətdən tam asılılığının investorlar üçün öldürücü olması vurğulanır. Seçkilərdə seçici səslərinin saxtalaşdırılması, vəfat etmiş şəxslərin seçicilər siyahısına salınması qeyd olunur.
Reportajda ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri (hökumətin verdiyi məlumatlara əsasən, hər il 30-40 min nəfər) və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunu və bununla da öz gələcəyini itirdiyi qeyd olunur:
“Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.
Yuxarıda göstərilən fikirlərin davamı olaraq, 26 yaşlı Karine Mxitaryan adlı İT mütəxəssisinin də Çexiyada iş tapması və tezliklə Ermənistanı tərk edəcəyi qeyd olunur. K.Mxitaryana istinadən Ermənistanda bütün sahələrdə savadlı gənclərin çatışmazlığı və gənclərin xaricdə daha yaxşı iş imkanlarına ümid edərək ölkəni tərk etmələri vurğulanır.
Reportajın sonunda qısaca olaraq Ermənistanın qonşularla münasibətlərinə və xarici siyasətinə ekskursiya edilir, həmçinin onun xarici siyasəti və qonşularla münasibətləri təhlil olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin Ermənistan xarici siyasətinin əsas problemi olduğu bildirilir.
Daha sonra Ermənistanın Rusiya ilə Avropa İttifaqı arasında seçim etmək dilemması qarşısında qalması, 2013-cü ildə Aİ ilə assosiasiya və azad ticarət müqaviləsinin imzalanmasından az öncə bu sazişdən imtina edərək, Rusiyanın təzyiqi ilə Avrasiya İqtisadi İttifaqına qoşulması bildirilir:
“Çətin dilemmadan çıxmaq ümidi ilə Ermənistan bütün böyük siyasi güclər arasında manevr etməkdə davam edir. O, bir tərəfdən yenidən Avropa ilə yaxınlaşmağa cəhd edərək yeni tərəfdaşlıq sazişi haqqında danışıqlar aparır, digər tərəfdən, Moskva ilə strateji tərəfdaşlığı davam etdirir, NATO ilə isə yaxşı münasibətlər saxlayır. Ermənistan rəhbərliyi bununla çətin vəziyyətdən çıxış yolu tapdığına ümid edir”.