“Rusiyanı qarşıda çətin günlər gözləyir” – ŞƏRH

“Rusiyanı qarşıda çətin günlər gözləyir” – ŞƏRH backend

“Rusiya öz əməlləri ilə dünyada beynəlxalq münasibətləri qarışdırmaq yolunu tutub və buna görə də onu hansı formadasa, cəzalandırmaq istəyirlər”

Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsindən sonra Böyük Britaniyanın baş naziri Tereza Mey 23 rusiyalı diplomatı ölkəsindən qovdu. Bunun ardınca Rusiya rəhbərliyi 23 ingilis diplomatı ölkəsindən çıxarmaqla Britaniyaya qarşılıq versə də, məsələ bərabər diplomat sayının qovulması ilə bitmədi. Belə ki, bundan sonra baş nazir Tereza Mey Avropa ölkələrinin rəhbərlərinə çağırış etdi və martın 22-də məsələ ilə bağlı Avropa İttifaqının Brüsseldə sammiti keçirildi. Elə həmin sammitdə Avropa İttifaqının Moskvada olan səfiri Markus Edereranı geri çağırmaq qərarı verildi və səfir artıq bir aylıq vəzifəsini dondurub.

Bu arada isə Böyük Britaniyanı dəstəkləyən Avropanın 20 dövləti “Skripal işi”nə görə rusiyalı diplomatları ölkəsindən göndərməyə hazır olduğunu bildirib. Bu ölkələrin sırasına Litva, İrlandiya, Fransa, Almaniya, Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri daxildir.

Hətta “Skripal işi”nə görə ABŞ-ın da rusiyalı diplomatları ölkədən çıxaracağı bildirilir.
Görünür ki, Sergey Skripal və onun qızının zəhərlənməsi Böyük Britaniya, eyni zamanda Avropa ölkələri və ABŞ üçün böyük əhəmiyyət kəsb edir və Rusiyanı həddini aşdığına görə cəzalandırmaq istəyirlər. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Avropa və Amerika Rusiyanı təcrid siyasəti həyata keçirir. Məqsəd Rusiyanı küncə sıxışdırmaqdır. Maraqlıdır ki, Avropa ölkələrinin, eləcə də ABŞ-ın Rusiyaya qarşı birgə mübarizəsi Kremlə təsir edəcəkmi?

“Rusiya bunu haqq edir”

Rusiya-Böyük Britaniya arasındakı “casus” qalmaqalı ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiya beynəlxalq münasibətlərdə özünü həddindən artıq kobud aparır: “Bu münasibətlərin tələblərinə uyğun şəkildə hərəkət etmir. Artıq Böyük Britaniyada Skripalın zəhərlənməsindən sonra proseslər başladı. Çünki Avropa ölkələri həmin şəxsin zəhərlənməsini Rusiya tərəfindən kimyəvi silahın tətbiqi kimi qiymətləndirdilər. Ona görə də qərara aldılar ki, Rusiyaya qarşı birgə hərəkət etsinlər və indi də birgə hərəkət etməyə başlayıblar. Rusiya-Avropa münasibətləri çox gərgin səviyyədədir və buraya Amerika da qoşulmaq istəyir. Amerika çoxdan belə bir fürsətin ələ düşməsini gözləyirdi. O da Rusiyanın diplomatik missiyasını ölkədən çıxartmaq və Rusiyanın tam təcridolunma vəziyyətinə gətirilməsini istəyir. Rusiya da bunu haqq edir. Çünki Rusiya öz əməlləri ilə dünyada beynəlxalq münasibətləri qarışdırmaq yolunu tutub və buna görə də onu hansı formadasa, cəzalandırmaq istəyirlər”.

“Rusiyanı qarşıda çətin günlər gözləyir”

“Rusiyanın siyasətini dəyişib-dəyişmədiyini söyləməkdə çətinlik çəkirəm. Çünki ölkənin başında militarist təfəkkürlü bir adam durur. Həmçinin rus xalqı müharibəni, militarizmi, başqa ölkələrə qarşı edilən təzyiqləri sevən bir xalqdır. Amma Rusiyanı dizi üstə gətirməyə çalışacaqlar. Artıq Rusiyada istehsal get-gedə zəifləyir. Təkcə xammal materialları hesabına müəyyən qədər gəlir əldə edirlər, amma bu da bitməz-tükənməz deyil, bir gün bunun da sonu gələcək. Məncə, Rusiyanı qarşıda çətin günlər gözləyir”,-deyə politoloq vurğuladı.

“Rusiya prezidenti böyük dövlətçilik ambsiyaları ilə yaşayır”

Hüseynli inanmır ki, indiki vəziyyətdə Rusiya inadından geri dönsün: “Çünki Rusiya prezidenti böyük dövlətçilik ambsiyaları ilə yaşayır və o dövlətçilik ambisiyalarına uyğun da siyasət yürütməyə çalışır. O xətt də beynəlxalq münasibətləri gərginləşdimyə, dövlətlərarası münasibətlərdə keçiməz sədlər yaratmağa başlayacaq və beləliklə dünyamız xeyli gərginləşəcək. Demək olar ki, beynəlxlaq münasibətlər təhlükəli istiqamətə doğru gedir. Bu təhlükəli münasibətin yaranmasında da Rusiya özünə lazım olduğundan artıq payı götürmək istəyir və gücü çatdığından daha çox “iş” görmək istəyir. Ona görə də vəziyyəti birmənalı təsəvvür etmək olmaz”.

“Qarşı tərəfin komanda heyətinin sıradan çıxarılması baş verə bilər”

“Beynəlxalq münasibətlər təhlükəli istiqmətə getdikcə, üçüncü dünya savaşı ehtimalı varmı” sualına Q.Hüseynli belə cavab verdi: “Hər halda, üçüncü dünya savaşını ikinci dünya müharibəsindəki kimi müxtəlif dövlətlərin və blokların qarşı-qarşıya vuruşması kimi təsəvvür etmək olar. Əslində, müharibə cəbhələşməsi kmi yox, kiber texnika, lazer texnikası ilə bir anda hansısa tərəfin texnologiyasına zərbə endiməklə və az əhali itikisi ilə qarşı tərəfin, xüsusilə onun komanda heyətinin, rəhbərliyinin sıradan çıxarılması baş verə bilər. Ona görə də mən indiki müharibəni dağıdıcı yox, müəyyən qədər islahedici bir müharibə kimi təsəvvür edirəm”.

Muxalifet.az
Diaspora