“Türkiyə Mosuladək getməlidir...- Geriyə yol yoxdur...”

“Türkiyə Mosuladək getməlidir...- Geriyə yol yoxdur...” backend

Cümşüd Nuriyev:“Ərdoğan geriyə addım atsa, devriləcək...”

Türkiyənin Suriya ərazisində apardığı antiterror əməliyyatları Azərbaycanda böyük əksəriyyət tərəfindən rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Oxucularımız sosial şəbəkələr vasitəsilə bizə Ərdoğan hakimiyyətinin ABŞ-a qarşı son sərt siyasəti ilə bağlı müəyyən suallar ünvanlayır...

“Görəsən, 60 ildən çoxdur ki, NATO-nun üzvü olan, ərazisində bu hərbi birliyin, ABŞ-ın bazası, onlarla nüvə başlıqlı raketi yerləşən Türkiyə dövlətinin rəsmi Vaşinqtona qarşı bu dərəcədə sərt mövqe tutması nə qədər məntiqə uyğundur? Ərdoğanın belə bir siyasəti Türkiyənin gələcəyini böyük risklər qarşısında qoymur ki?”

Bu suallarla müraciət etdiyimiz tanınmış politoloq Cümşüd Nuriyev Moderator.az -a Türkiyə dövlətinin ABŞ-a qarşı bu cür siyasət aparmaqda haqlı olduğunu bildirdi:

“Bilirsiniz, 1952-ci ildən Türkiyə NATO-nun üzvüdür. Ötən 66 il ərzində ABŞ dəfələrlə Türkiyəyə verdiyi vədləri yerinə yetirməyib. Bu illər ərzində Türkiyəni Koreya, Vyetnam savaşlarına cəlb ediblər. İraqda, Misirdə, Liviyada, Suriyada və s. Türkiyə daim NATO-nun mövqeyindən çıxış edərək Amerikanı dəstəkləyib. Türkiyə ordusu NATO-da güc və say etibarı ilə ikinci ordu olmasına rəğmən (28 dövlət arasında bu cür mövqedə olmaq kiçik məsələ deyil) ABŞ və Avropa həmişə Türkiyəni, türkləri, müsəlmanları aşağılamağa çalışıb. Və yeri gəldikcə da bunu edibdilər. Bu yaxınlarda məlum oldu ki, sabiq baş nazir Bülənt Ecevitin dövründə də Amerika Öcalanın həbs edilməsinə mane olub, Türkiyənin parçalanmasında maraqlı olub. Bir sözlə, bu dövlət anti-türk siyasəti yürüdüb. Ərdoğan da bütün bunları gördü və aşağı-yuxarı hesabladı. ABŞ-İsrail münasibətlərinin mahiyyətini anladı. Ağ Evin Suriyadakı ikili-üçlü mövqeyinin şahidi oldu. Və nəticədə Türkiyənin öz maraqlarına xidmət edən bir variantı seçdi. Bu isə xarici siyasəti Rusiya ilə yaxınlaşmaqla qurmaqdan ibarət oldu. Bununla da Türkiyə Rusiya ilə yanaşı, Çin kimi böyük bir gücün də arxasında durmasına nail oldu. Eyni zamanda bölgədə İranı da bir sıra məsələlərdə öz yanına aldı...



Ərdoğan 2016-cı ilin iyulundakı çevriliş cəhdinə görə də ABŞ-dan narazı qaldı. Bundan əlavə, Ağ Evin Türkiyənin Qafqazdakı nüfuzunun itirilməsinə yönəlmiş siyasəti də onu qane etmir. Və bütün bunların fonunda Tramp hakimiyyətinin Türkiyənin maraqlarını Ermənistana qurban verməsi də öz rolunu göstərdi. Bu minvalla artıq Türkiyə dövləti bu gedişə “yetər” deməli idi. Və hazırda Ərdoğan hakimiyyəti ölkəsinin strateji maraqları baxımından düzgün bir mövqedədir...

Politoloq Türkiyə prezidentinin ABŞ-a yönəlik hazırkı siyasi kursunun gələcəkdə fəsadlar verə biləcəyini təsdiqləsə də, Ərdoğanın artıq geriyə yolu olmadığını vurğuladı:

“Doğrudur, anti-ABŞ mövqeyi Türkiyəyə ziyan gətirə bilər. Amma bütün hallarda Türkiyənin özgə çıxış yolu yoxdur. Odur ki, Afrinin terrorçulardan azad edilməsindən sonra Ərdoğan Menbiçə də, digər lazımi məntəqələrə də girməkdə qərarlıdır. Bu, birmənalıdır. Bunun ayrı yolu yoxdur. Türkiyə Mosuladək getməlidir. İngilislər vaxtilə həmin Mosulu neftinə görə Türkiyəni aldadaraq cəmi 500 min qızıla almışdılar... Yəni Türkiyə son yüzilliklərdə ABŞ və Britaniyanın Şərqdə tutduğu mövqeyi, onların Osmanlı dövlətinin çökürdülməsi istiqamətində apardığı siyasəti açıq gördü. Odur ki, artıq onlara inanmır. Amma Türkiyə dövləti Avropa ilə münasibətlərini qoruyub saxlayacaq. Çünki hər ikisi qarşılıqlı şəkildə biri-birindən asılıdır...

Xülasə, bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Ərdoğanın ABŞ-la bağlı siyasətində geriyə yolu yoxdur. O geri addım atsa, devriləcək...”
Diaspora