Tanınmış ekspert, “Kornegi Avropa” fondunun böyük elmi işçisi Tomas de Vaal erməni mediasına Dağlıq Qarabağla bağlı müsahibə verib.
Axar.az xəbər verir ki, müsahibə erməni müxbirin öz maraqlarına uyğun suallarına daha açıq və konkret cavablarla seçilib.Müsahibənin maraqlı olduğunu nəzərə alaraq, təqdim edirik:
- Cənab de Vaal, necə düşünürsünüz, sizcə İlham Əliyev niyə Azərbaycanda keçiriləcək prezident seçkilərinin tarixini dəyişməyə qərar verdi? İlham Əliyev ölkəsindəki seçkilərin vaxtını Rusiya və Ermənistanda keçirilən seçkilərin vaxtı ilə uyğunlaşdırmağa çalışır? Onun bu addımının Qarabağ münaqişəsi ilə hansı əlaqəsi var?
- Fikrimcə, İlham Əliyev seçkilərin vaxtını dəyişdi, çünki bunu etməyə haqqı var. Onun belə bir imkanı var. Azərbaycan iqtisadiyyatı hazırda əlverişli vəziyyətdədirsə, onda niyə gözləsin? Buna görə də seçkilərin mümkün qədər daha tez keçirilməsi qərarına gəldi. Bu addım müxalifət üçün gözlənilməz oldu və onlar təşkilatlana bilmədilər.
- Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov apreldə keçiriləcək prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aktivləşəcəyini bildirib. Danışıqların aktivləşəcəyini, yoxsa əksinə konfliktin gərginləşəcəyini gözləmək lazımdır?
- Təəssüf ki, vəziyyət sülhdən daha çox, müharibəyə yaxındır. 2016-cı ilin aprelindən sonra ritorika daha aqresiv xarakter aldı, təmas xəttində isə daha hərbiləşdirilmiş vəziyyət yarandı. Lakin bu vəziyyəti iki ölkənin prezidentləri – İlham Əliyev və Serj Sərkisyan idarə edir və onlar fikirlərini dəyişsələr, o zaman vəziyyət də tez bir zamanda dəyişə bilər. Əgər Prezident İlham Əliyev seçki prosesindən sonra qərara alsa ki, danışıqlar prosesini aktivləşdirmək lazımdır, bu zaman çox şey edə bilər. Gəlin gözləyək. Bu məsələdə çox optimist olmasam da, hər şey mümkündür.
- Müharibəyə səbəb ola biləcək digər məsələlər hansılardır? Əgər aprel döyüşləri nəticəsində İlham Əliyev ciddi bir uğur əldə edə bilməyibsə, niyə müharibəyə başlamaq barədə qərar qəbul etməlidir ki?
- Əksinə, düşünürəm ki, Azərbaycan aprel döyüşləri zamanı bəzi uğurlara nail olub. Apreldə baş verənlər ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi və bu da İlham Əliyevə bəzi müsbət nəticələr gətirdi. Bu səbəbdən İlham Əliyev bunu təkrarlaya bilər. Hesab edirəm ki, Əliyev ehtiyatlı davranacaq. Əgər pis nəticələri olacaqsa, riskə getmək niyə lazımdır? Məni düşünülmüş addımlardan daha çox, hər hansı yanlış hesablama nəticəsində münaqişənin təsadüfən alovlanması ehtimalı daha çox narahat edir. Hər hansı bir insidentin baş verməsinə yerli komandanlıqlar dərhal reaksiya verə bilər və bu da qısa zaman ərzində vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər.
- Necə düşünürsünüz, növbəti müharibə nə ilə başa çatacaq?
- Münaqişənin necə inkişaf edəcəyini heç kim deyə bilməz. Proqnozlaşdıra biləcəyimiz tək şey kütləvi dağıntıların, çox sayda qurbanların və böyük faciənin olacağıdır. Bir gün tərəflərdən biri, o biri gün isə digəri uğura nail ola bilər. Hesab edirəm ki, öncədən yalnız bu münaqişənin günahsız qurbanları olacağını demək olar.
- Nə üçün Azərbaycan rəhbərliyi prezident seçkiləri ərəfəsində militar ritorikanı gücləndirir? Qarabağın bir həftə ərzində tutulması, İrəvanın qaytarılması barədə bəyanatlar sadəcə daxili auditoriya üçün edilir, yoxsa bunlar reallaşdırıla və təmas xəttində real tədbirlərə çevrilə bilər?
- Qarabağ faktoru Azərbaycan əhalisini birləşdirir. İrəvanın qaytarılması barədə danışarkən, ölkə başçısı əslində xüsusilə “yeraz” (İrəvan azərbaycanlıları) kimi tanınan geniş bir cəmiyyət qrupuna müraciət etdi. Onlar Ermənistandan gələn insanlardır.
Azərbaycanda aqressiv əhval-ruhiyyə barədə iki şey söyləmək olar. Birincisi - status-kvo Azərbaycanı qane etmir. Ermənistanda bunu heç vaxt unutmamalıdırlar. Onlar torpaqlarını itiriblər, həddən artıq insan evlərindən məhrum olublar. Buna görə də status-kvo Azərbaycan üçün əlverişli sayılmır. İkincisi – militar ritorika müxalifəti məhv edir. Azərbaycanda müxalifət də millətçidir. Yəni prezident bu ritorikanı tətbiq edəcəyi halda milli liderə çevrilir. Üçüncü hal isə budur ki, belə bəyanatlar sülh prosesinə zərbə vurur və həyatı çətinləşdirir, ancaq kədərli həqiqət belədir.
- Danışıqlar prosesində uğura nail olmaq üçün imkanlar mövcuddur? Nəticədə münaqişənin son həllini necə təsəvvür edirsiniz? Münaqişə hansı model əsasında həll edilə bilər?
- Hesab edirəm münaqişə yalnız o halda həll edilə bilər ki, bu gün yaşadıqları ərazidə bundan sonra da yaşayacaq Qarabağ ermənilərini müdafiə edəcək və azərbaycanlı qaçqınlara əvvəllər yaşadıqları ərazilərə geri dönmək imkanları yaradacaq geniş təhlükəsizlik zəmanətləri olsun. Buna görə təhlükəsizlik məsələsində böyük bir əməliyyat həyata keçirmək və status məsələsini mümkün qədər təxirə salmaq lazımdır. Bu yolla Dağlıq Qarabağ erməniləri bu gün sahib olduqları statusa de-fakto sahib ola biləcək, azərbaycanlılar Dağlıq Qarabağa bitişik ərazilərə qayıdacaq, status məsələsi isə təxirə salınacaq. Bu hər iki tərəfi qane edəcək yeganə modeldir, lakin hazırda tərəflərdən heç biri bunun üçün hazır deyil.
- Problem münaqişənin həll metodologiyasındadır. Bu tədbirlər hansı metoda uyğun şəkildə atılmalıdır – mərhələli, yoxsa paket variantı?
- Hesab edirəm ki, yeganə açıq mexanizm addım-addım hərəkət etmək olacaq. Əvvəlcə bəzi yüngül sualları həll edirsən, sonra isə daha mürəkkəb olanlara keçirsən.
- Ancaq ermənilər mərhələli həll variantından narazıdırlar.
- Bilirəm. Digər tərəfdən isə düşünürəm ki, bu sahədə ilk addım Qarabağ ermənilərinə daha çox təhlükəsizlik təminatının verilməsi olmalıdır.