ABŞ prezidenti Donald Tramp xələfi Barak Obamanı seçkiqabağı kampaniya zamanı ona qarşı hörmətsizlik etməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitterdəki statusunda Obamanın seçkilər zamanı Hillari Klintonun xeyrinə addımlar atdığını bildirib."Obama administrasiyası Hillarinin qələbə qazanması üçün məni gözdən salmaq istəyirdi. Həmçinin Obama Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını almaq üçün heç bir iş görmədi".
ABŞ-da 8 noyabr 2016-cı ildə keçirilən prezident seçkilərinə Moskvanın kiber hücumlarla müdaxilə etdiyi qeyd olunur. Bununla bağlı həm konqresdə, həm də xüsusi müstəntiq Robert Muller tərəfindən araşdırmalar aparılır. Muller qeyd olunan iş üzrə Rusiyanın 13 vətəndaşına qarşı "seçkilərə müdaxilə" üzrə cinayət işi başladıb.
Qeyd edək ki, rəsmi Moskva ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsini dəfələrlə təkzib edib.