“Ermənistan Türkiyəyə yalvarmalıdır...”

“Ermənistan Türkiyəyə yalvarmalıdır...” backend

“Nəhayət, Serj Sarkisyan anladı ki, Türkiyənin Ermənistana ehtiyacı yoxdur”

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də Türkiyə ilə iki ölkə arasında 2009-cu ildə münasibətlərin düzəldilməsi ilə bağlı Sürixdə imzalanmış protokolları ləğv edib.

Protokolların ləğv edilməsinə Ermənistanın müxtəlif sahələrdə çalışan fikir adamları münasibət bildirib. Kimi Türkiyənin sərhədləri açmağa ehtiyacı olmadığını, kimi isə Türkiyənin Ermənistanla heç bir saziş imzalamaq marağında olmadığını bildirib.

Bəs Sürix protokollarının ləğv edilməsinə Türkiyə necə reaksiya verə bilər?

Sürix protokollarının ləğvi 2 ölkə arasında yeni sənədlərin imzalanmasını gündəmə gətirə bilərmi?

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, adıçəkilən protokol çoxdan ləğv edilmişdi.



“Ermənistan prezidentinin Sürix protokollarını ləğv etməsinin Türkiyəyə isti, ya da soyuğu yoxdur. Onsuz da bu protokollar çoxdan unudulmuşdu. Əsas şərt o idi ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmalı, ədalətli sülh bərpa olunmalıdır. Ermənistan isə bunları etmədi. Ermənistan bunu etmədiyinə görə Türkiyə bu mövzunu gündəmə gətirmədi. Bu mövzu Ermənistanda gündəmdə idi. Nə vaxt Türkiyə sərhədləri açacaq, diplomatik münasibətlər quracaq və sairə. Nəhayət, Serj Sarkisyan anladı ki, Türkiyənin siyasəti dəyişməyəcək. Artıq Sarkisyan apreldə parlament seçkilərinə hazırlaşır. Protokollarla bağlı ciddi suallarla üzləşməmək üçün ləğv etmək qərarına gəldi. Faktiki olaraq isə bu sənədlər çoxdan ləğv olunmuşdu. Bunun Türkiyəyə elə bir təsiri yox idi və ona görə də Türkiyə elə bir reaksiya da vermədi”.

Yeni protokolların bağlanması məsələsi gündəmə gələ bilərmi?

Siyasi şərhçi bildirib ki, Sürix protokollarının ləğvi yeni sənədlərin imzalanmasını gündəmə gətirə bilməz.

“Nə qədər ki, torpaqlarımız işğal altındadır, yenidən protokolların hazırlanması yaxud da köhnələrin gündəmə gəlməsi mümkün deyil. Çünki Türkiyənin Azərbaycana verdiyi vədi, Türkiyə prezidenti Ərdoğanın Azərbaycan parlamentindəki çıxışı var. Çıxışında qeyd edir ki, torpaqlar işğaldan azad olunmayanadək heç bir protokol ratifikasiya olunmayacaq

Bu məsələlər həll olunmalıdır ki, Ermənistan nəinki Türkiyə ilə eləcə də, Azərbaycanla münasibətləri normallaşdıra bilsin. Ona görə də işğal faktı ortadan qaldırılmayana qədər nə yeni, nə də köhnə protokolların gündəmə gəlməsindən danışmağa dəyməz”

Elxan Şahinoğlu Ermənistanda məntiqli yanaşmanın olmadığını vurğulayıb.

“Təəssüf ki, Ermənistanda bir çox məsələlərə məntiqli yanaşmırlar. Məntiqli yanaşaydılar, torpaqları işğaldan azad edib, Dağlıq Qarabağın ətrafındakı rayonları boşaldıb Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırardılar.

Bununla da iqtisadi və siyasi xaosdan qurtulardılar. Bu gün Gürcüstanın qazandıqlarını Ermənistan da qazana bilərdi. İstəmədilər, bu addımı atmadılar. Türkiyənin isə Ermənistana ehtiyacı yoxdur. Çünki Ermənistan kiçik dövlətdir. Türkiyə isə bölgənin aparıcı dövlətidir. Ermənistanın Türkiyəyə ehtiyacı var və Türkiyəyə yalvarmalıdır ki, sərhədləri aç, diplomatik münasibətləri quraq.

20-ya da 30 il bundan qabaq kimsə Türkiyəyə təsir edə bilərdi ki, Ermənistanla sərhədləri açıb münasibət qursun. Bu gün isə bu mövzuda heç bir dövlət Türkiyəyə təsir edə bilmir. Türkiyə özü qərar verib - Ermənistanla sərhədləri açası deyil. Burada Azərbaycanla həm strateji münasibətləri, həm də Türkiyənin Ermənistana öz tələbləri var. Ona görə də biz məsələyə nə qədər məntiqli yanaşsaq da, Ermənistanda bu məsələlərə məntiqli yanaşmırlar”.
Diaspora