Böyük Britaniyada mənzillənmiş nüfuzlu “Chatham House” analitik mərkəzinin eksperti Stanislav Pritçin Dağlıq Qarabağ münaqişəsinin perspektivi ilə bağlı proqnozlar verib.
Modern.az saytının məlumatına görə, Stanislav Pritçin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır, Azərbaycan isə yox.Ekspert bu qənaətdədir ki, hər iki tərəfin mövqeyi Qarabağ münaqişəsinin həllini çətinləşdirir, üstəgəl Azərbaycan Dağlıq Qarabağa bitişik 7 rayonu da itirməsi vəziyyəti bir az da qəlizləşdirir.
“Həm də Dağlıq Qarabağ münaqişəsi dünyanın əsas oyunçuları üçün prioritet deyil. Nə qədər ki, xarici nüfuzlu oyunçular bu münaqişəyə sərmayə qoymayacaqlar, bu konflikti nizama salmaq çətinləşəcək”-deyə o əlavə edib.
Stanislav Pritçinin fikrincə, Azərbaycan indi daha böyük çəkiyə malik olduğu üçün belə situasiya onun üçün əlverişsizdir.
“Buna görə də Azərbaycan belə bir siyasi xətti qəbul edib ki, beynəlxalq ictimaiyyətə status-kvonun rəsmi Bakı üçün əlverişsiz olduğunu bəyan etsin. Bu, nizama salma prosesində Azərbaycanın proseslərə təsir edən yeganə mexanizmlərindən biridir. Ümumiyyətlə hər iki tərəfin (Azərbaycan və Ermənistan) ritorikası heç bir güzəştin olmayacağının göstəricisidir”.
Analitik hesab edir ki, tərəflər Madrid prinsiplərinin imzalanmasına yaxın idi və bu sənəd nizama salma prosesinin əsas mexanizmini müəyyənləşdirir.
“Bu, uyğunlaşdırılmış, çox yoxlanılmış mövqedir və əlaqələrin normallaşması üzrə çoxillik addımları özündə ehtiva edir. Həmçinin bir qədər güzəştlər də nəzərdə tutulur, amma biz tərəflərdə bu kompromisləri yenidən görmürük”- o əlavə edib.
Politoloq ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacağına dair açıqlamasını da şərh edib.
Onun sözlərinə görə, Qarabağ cəbhəsində müharibənin başlanması üçün həqiqətən də risklər mövcuddur.