ABŞ-Rusiya savaşında dünya nə itirdi?

ABŞ-Rusiya savaşında dünya nə itirdi? backend

Elxan Şahindoğlu: “Rusiya Gürcüstan və Ukraynaya qarşı bu siyasəti yürütməsəydi, dünya daha təhlükəsiz olacaqdı”

Artıq bir neçə ildir ki, ABŞ-Rusiya münasibətləri gərgin həddədir. Bundan nəinki sözügedən iki ölkə, bütün dünya həm iqtisadi, həm də siyasi baxımdan əziyyət çəkir. Xüsusən də son olaraq ABŞ-da keçirilən prezident seçkilərin Rusiyanın müdaxilə etməsi ilə bağlı söhbətlər ciddiləşdikdən sonra münasibətlər daha da gərginləşib. Son 3 ildə Rusiya iqtisadiyyatı ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalardan dolayı xeyli zəifləyib. Lakin görünür hər iki dövlət bu durumdan narahat olub və vəziyyəti düzəltməyə qərar verib.

Çünki bir neçə gün öncə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert açıqlama verərək bildirib ki, ABŞ ümumi problemlərin həlli üçün Rusiya ilə münasibətləri bərpa etmək istəyir.

Hezer Nauert bildirib ki, hazırda iki ölkə arasındakı münasibətlər çətin və qəlizdir. Dövlət Katibi əlaqələrin ən aşağı səviyyədə olduğunu söyləyib: “Biz bu münasibətləri bərpa etmək istəyirik, çünki bir çox sahələrdə qarşılıqlı narahatlıq doğuran məsələlər var. Şimali Koreya - onlarda biridir”.

Bəs görəsən, ötən illər ərzində iki ölkə arasındakı gərginlikdən dünya ölkələri necə əziyyət çəkib?



“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Elxan Şahinoğlu bildirdi, bu münaqişənin səbəbi Rusiyanın bir çox yanlışlıqlara yol verməsi oldu: “ Birinci yanlışlıq, 2008-ci ildə Gürcüstana hərbi müdaxilə, Abxaziya və Cənubi Asetiyanın işğalı idi. O zaman Qərb çox da sərt reaksiya vermədi. Bundan ruhlanan Rusiya hakimiyyəti düşündü ki, əgər Krımı da eyni üsulla işğal etsə, beynəlxalq aləm, dünya birliyi yenə də susacaq. Ancaq Krımın işğalı artıq qırmızı cizgilərin aşılması oldu. Bundan sonra, Amerika-Rusiya münasibətləri ümumiyyətlə pozuldu. Rusiya ilə əməkdaşlıqda maraqlı olan Avropa İttifaqı da sanksiyalara qoşuldu. İqtisadi əlaqələr çox ciddi təsir etdi. Bundan həm Rusiya böyük itkilərlə üzləşdi, həm də Avropa İttifaqı. Amerikanın elə də böyük iqtisadi itkiləri olmadı. Çünki Rusiya ilə ciddi iqtisadi-ticarət əlaqələri də yox idi. Avropa çox böyük itkilərlə üzləşdi”.

Politoloqun sözlərinə görə, Rusiyanın itkiləri isə getdikcə artır: “Rusiyalı rəsmilər bəzən statistik rəqəmlərə istinadən hər şeyin normal olduğunu deyirlər, amma böyük şəhərləri Moskva və Sank-Peterburq kimi böyük şəhərləri çıxmaq şərtilə Rusiyada iqtisadi vəziyyət çox ağırdır. İnflyasiya, ərzaqların qiymətinin qalxması hər zaman müşahidə olunur. Bu prosesin nə zaman bitəcəyi də bəlli deyil. Çünki Krımın işğalı qırmızı cizgilərin aşılması idi. Krıma görə Amerika uzun müddət Rusiya ilə münasibətləri soyuq saxladı. Məsələn ötən əsrin 40-cı illərində SSRİ İkinci Dünya Müharibəsinin sonunda Baltik ölkələrini işğal etdi. Amerika SSRİ ilə iqtisadi əlaqələri davam etdirsə də, heç zaman Baltik ölkələrini SSRİ-nin tərkib hissəsi kimi tanımadı. Bu 50-60 il ərzində davam etdi, ta ki 1991-ci ildə SSRİ dağılana qədər. İndi də Krımla bağlı Amerika öz qərarını dəyişməyəcək, sanksiyaların yumşalmasına getməyəcək. Bu o deməkdir ki, Amerika Rusiyaya qarşı durmaqda uzun müddət davam edəcək. Rusiya da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq heç bir prezidenti Krımı Ukraynaya təhvil verməyəcək. Bu soyuqlaşma hələ uzun illər davam edəcək. Bunun bölgəyə də müəyyən təsirləri olacaq. Çünki Amerikanın sonuncu “Kreml hesabatına” baxsaq, orada təkcə Rusiya rəsmiləri və oliqarxları hədəf götürülmür, indi yeni bir tələb də ortaya çıxa bilər ki, Rusiya ilə kimlər hərbi əməkdaşlıq edirsə, onlar da hədəf götürülə bilər. Bu siyahıda Azərbaycanın da adı çəkilir. Belə dövlətlərin sayı çoxdur –Ermənistan, Türkiyə, Hindistan – çox ölkə Rusiyadan hərbi texnika alır. ABŞ- Rusiya qarşıdurması artıq bu məsələlərə aid olmayan üçüncü ölkələrə də çox mənfi təsir edir”.

E.Şahinoğlu vurğuladı ki, Rusiyanın iqtisadi baxımdan da itkiləri böyük oldu: “Rusiya ilə Avropa böyük iqtisadi layihələri birgə çalışmalıykən, bu kəskin qarşıdurmalar bir çox layihələrin üstündən də xətt çəkdi. Rusiya Almaniyaya bir boru xətti çəkmişdi, birini də tamamlamaq istəyirdi. Bu ciddi fikir ayrılığına səbəb oldu, Amerika da bunun əleyhinə çıxdı. Əgər qarşıdurma olmasaydı, Amerika buna sərt etiraz edə bilməzdi. Avropanın enerji təhlükəsizliyində də bu müəyyən rol oynaya bilərdi. İkincisi, ABŞ-Rusiya arasındakı gərginlik, müxtəlif ölkələrdə inflyasiyanın artmasına da təsir edir. Həmçinin Avrasiya məkanında hansısa ölkə Amerika ilə əlaqələri genişləndirmək istəyirsə, bu Rusiyada qıcıq oyadır. Eləcə də, tam əksinə, kim Rusiya ilə böyük layihələri reallaşdırmaq istəyirsə, Amerikada qıcıq oyadır. Amerika onların əleyhinə müxtəlif addımlar atmağa çalışır. Bunun da baiskarı Rusiya oldu. Rusiya Gürcüstan və Ukraynaya qarşı bu siyasəti yürütməsəydi, Amerikadakı seçkilərə kobud surətdə müdaxilə etməsəydi, bu cür sanksiyalar da olmayacaqdı, dünya daha təhlükəsiz olacaqdı. Hətta Suriyada terrorçulara qarşı mübarizədə Rusiya və Amerika birgə ola bilərdi. Ancaq Ukraynada Gürcüstanla bağlı olan hadisə belə bir koalisiyanın yaradılmasına da imkan vermədi”.

Rusiyada 2 milyondan artıq həmyerlimizin yaşadığını və Azərbaycanın ixrac məhsullarının əsas bazarının da Rusiya olduğunu nəzərə alsaq, bu ölkənin beynəlxalq səviyyədə sanksiyalara məruz qalması bizdən də yan keçmir.

Politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması orada yaşayan azərbaycanlılara da təsir edib: “Bunu son illərdə hiss etdik. Əgər 10-15 il öncə Rusiyada yaşayan azərbaycanlılar işləyərək evlərinə daha böyük həcmdə, 2 milyarddan 4 milyarda qədər maliyyə göndərirdilərsə, indi onun yarısını belə göndərə bilmirlər. Bu sanksiyaların Azərbaycana da dolayısı ilə təsiri olur. Çünki həmyerlilərimizin qazanc imkanları azalır. İkincisi, Rusiyadan biz xeyli hərbi sursat və texnika alırıq. Təxminən 5 milyard dollara yaxın. İndi Amerika sanksiyaları sərtləşdikcə, bu məsələdə də biz problemlər yaşaya bilərik”.

Musavat.com
Diaspora