Ölkədə 620 min əlilliyi olan insan var və bu, ölkə əhalisinin 6 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır.
Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. “Məşğulluq” qanununda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmir. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər.Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında “Əlillərin hüquqları” qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı deyib. O bildirib ki, əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün işlər görülməlidir:
“Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hesab edirəm ki, yeni qanun layihəsində də əlillərin iş, əmək hüquqları məsələsinə xüsusi önəm verilməlidir və bu istqamətdə qanunların həyata keçirilməsi mexanizmləri gücləndirilməlidir. Müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.
Q.Paşayeva yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib:
“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Ümumiyyətlə isə əlil gənclərin ali və ya peşə təhsili alması yönündə stimullaşdırıcı addımlar atılması vacibdir. Eyni zamanda, əlillərin məlumat almaq hüquqları ilə bağlı məsələlərə də xüsusi diqqət olunmalıdır. Eşitmə imkanları olmayan əlillərimizin televiziyalarımızda məlumat, xəbər almaq imkanları yox dərəcəsindədir. Bu məsələdə ciddi dönüş olmalıdır. Eyni zamanda, nəqliyyat vasitələrində - metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir.
Yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək”.