Ermənistan Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” anti-terror əməliyyatının Dağlıq Qarabağda da təkrarlanmasından qorxur.
Publika.az xəbər verir ki, Dağlıq Qarabağ BMT tərəfindən Azərbaycan torpağı olaraq tanındığı üçün rəsmi Bakı beynəlxalq hüquqa əsasən istənilən vaxt Qarabağda anti-terror əməliyyatı keçirə bilər. Ermənistanı narahat edən də məhz budur. İrəvanda hesab edirlər ki, Türkiyənin “Zeytun budağı” əməliyyatı Qarabağda da anti-terror əməliyyatının keçirilməsinə presedent yarada bilər.Ermənipərəst mövqeyi ilə məşhur olan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında Qarabağ ətrafında danışıqların dalana dirəndiyini və yeni gərginliyin ola biləcəyini deyib.
“Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatı analoji addımın Qarabağda da atılması məsələsini gündəmə gətirib. Bu mümkünsüz görünmür, lakin bunun üçün Rusiyanın da icazəsi lazımdır. Moskva Ankaranı Afrin əməliyyatında dəstəklədi, bu dəstəyin Qarabağda veriləcəyini demək çətindir. Lakin münaqişə ətrafındakı vəziyyət tufandan öncəki sakitliyi xatırladır”, - deyə o bildirib.
Tarasov hesab edir ki, hələlik danışıqların davam etməsi ssenarisi ön plandadır: “Lakin prezidentlər səviyyəsində görüşün olacağı sual altındadır. Çünki apreldə Ermənistanda hakimiyyətin transformasiyası olacaq. Bu baxımdan, danışıqlarda Ermənistanı kimin təmsil edəcəyi məlum deyil. Sarkisyan baş nazir olarsa, danışıqlara bu statusda qatıla bilər, yaxud bu səlahiyyət yeni prezidentə verilə bilər. Hər şey ola bilər, amma hazırda dumanlı atmosfer mövcuddur. Bu da münaqişə ətrafında təhlükəli vəziyyət yaradır”.
Qeyd edək ki, Afrində əməliyyatlar başlayandan sonra bir sıra erməni eksperti Rusiyanın Azərbaycan və Türkiyənin Qarabağda birgə hərəkətə keçməsini susqunluqla qarşılayacağını gündəmə gətirir.
Erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: “Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur. Təbii ki, düz xətt üzrə bu təhlükə görünmür. Lakin Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Bu kontekstdə Gümrüdəki rus bazası da Türkiyənin Ermənistanı “udması” üçün platforma ola bilər. Əgər Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və Ermənistan meydandan tək qalacaq”.
Digər erməni şərhçi K.Ambartsum isə Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.
“Türkiyə Afrində quru əməliyyatına başladı. Hazırda türk ordusu uğurlu hücumlarını davam etdirir. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Ankara Vaşinqtonu güclü şillə ilə qarşıladı. Bu, faktiki olaraq, Türkiyənin güclənməsi və gələcəkdə istədiyi addımı atmasına imkan yaradır. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.