Ərdoğan Qarabağa görə Putinə... - Rus politoloq

Ərdoğan Qarabağa görə Putinə... - Rus politoloq backend

Axar.az rusiyalı tarixçi, politoloq Oleq Kuznetsovun Azvision.az-a müsahibəsini təqdim edir:

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair gözləntiləriniz nədən ibarətdir?

– Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bu il aktual olaraq qalacaq. Hətta daha böyük əhəmiyyətə malik olacaq. Çünki hazırda Türkiyə və Rusiyanın aktiv yaxınlaşması prosesi müşahidə olunur. Türkiyə Azərbaycanın aktiv və rəsmi olaraq yeganə tərəfdaşıdır. Prezident Ərdoğan dəfələrlə Dağlıq Qarabağ problemini qaldırıb. Hesab edirəm ki, əgər Rusiya və Türkiyə doğurdan da əsl tərəfdaş olmaq istəyirsə, prezident Putin seçkilərdən sonra (heç kim onun yenidən bu posta seçiləcəyinə şübhə etmir) Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli məsələsini qaldırmağa məcbur olacaq.

Həmçinin 2019-cu ildə Türkiyədə Konstitusiya islahatları yekunlaşacaq. Bu islahatlar nəticəsində Ərdoğan tamhüquqlu ölkə rəhbərinə çevriləcək. Belə bir statusu əldə etmək üçün konstitusiya islahatlarının keçirildiyi keçid dövründə hər hansı bir nailiyyət əldə etmək lazımdır. Bu anlamda Dağlıq Qarabağ münaqişəsinin həlli bunun üçün müsbət amil ola bilər. Bu mənada mən Rusiyanın Cənubi Qafqazda xarici siyasət vektorunu Bakıya çevrilməsi üçün 2018-ci ildə Türkiyənin Rusiyaya aktiv şəkildə təzyiq edəcəyini gözləyirəm.

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan 2017-ci ilin yekunlarını şərh edərkən Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına toxunub. Nalbandyan qeyd edib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik?

– Düşünürəm ki, hazırda Ermənistanda elə vəziyyət yaranıb ki, Rusiya bu ölkə ilə hesablaşmayacaq. Avropa İttifaqı və Ermənistan arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri möhkəmləndirmək barədə bəyanatlarının səmimiliyinə heç kim inanmır. Ona görə cənab Nalbəndyanın fikirlərini şərh etməmək və səsləndirdiyi bəyanatı onun şəxsi fikri kimi dəyərləndirmək olar.

– Azərbaycan və Rusiya əlaqələrini necə qiymətləndirirsiniz?

– 2013-cü ildən bəri, faktiki olaraq artıq beş ildir ki, ölkələrimiz arasında münasibətlərdə aktiv inkişaf qeydə alınır. Hazırda geosiyasi, iqtisadi və hərbi-əməkdaşlıq münasibətlər ən yüksək tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, bu ildə vəziyyət belə olacaq. Hazırkı münasibətlərə təsir edə biləcək hər hansı bir element görmürəm. Lakin bir şeyi vurğulamaq istəyirəm. Azərbaycanlıların Rusiyada yeni iş yerləri yaratmasına baxmayaraq, openentlərinizdən fərqli olaraq onlar Rusiya iqtisadiyyatına inteqrasiya olmurlar. Dövlət səviyyəsindən fərqli olaraq özəl sektorda birgə böyük layihələrin olmaması nəticəsində azərbaycanlı və rusiyalı biznesmenlər arasında inam yoxdur. Ümid edirəm ki, bu il Azərbaycan və Rusiya biznesmenlər tərəfindən birgə layihələr həyata keçiriləcək. Bu, hər iki ölkənin xeyrinə olacaq. Bununla da Azərbaycan diasporunun və Azərbaycan xalqının imici Rusiya vətəndaşlarının gözündə kəskin qalxacaq.
Diaspora