Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan layihələrə maliyyə vəsaiti ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistan təbii qazının Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlini nəzərdə tutan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu qaz boru kəməri (TANAP) və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi məqsədilə ümumilikdə 1 milyon 871 min 725 avro maliyyə vəsaiti ayıracaq.Qeyd edək ki, Avropa Komissiyası Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Aİ-nin ümumi maraq layihələri (PCI) siyahısına daxil etmişdi. Həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq genişləndirilən Cənub Qafqaz Boru Kəməri, qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq TANAP və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Trans-Adriatik” (TAP) boru kəməridir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.