NATO-nun Baltikyanı ölkələrində hərbi gücünü artırmasının hədəfi Rusiyanı qızğın silahlanmaya çəkmək və iqtisadiyyatı üçün problemlər yaratmaqdır.
Publika.az xəbər verir ki, bunu “Rusiya bu gün” informasiya agentliyi tərəfindən təşkil edilən videokörpünün gedişatında Estoniya hərbi eksperti, Estoniya Baş kəşfiyyat idarəsinin istefada olan general-leytenantı Villem Rood bildirib.“NATO və Rusiyanın münasibətlərinə gəlincə, bu, NATO üçün ilk növbədə siyasi tədbirlərdir. Bu siyasət Rusiya iqtisadiyyatının inkişafında çətinliklər yaratmağa və onu yeni qızğın silahlanmaya cəlb etməyə hesablanıb”, - o deyib.
Villem Rood vurğulayıb ki, NATO və Rusiyanın arasında siyasi vəziyyətin kəskinləşməsi bu güclərin qarşılaşdığı üçüncü ölkələrdə təhlükəli vəziyyətlər yarada bilər:
“Bütün bunlar vəziyyəti yalnız Rusiya üçün pisləşdirmir, həm də Rusiya ilə sərhəd ölkələri üçün ən təhlükəli vəziyyət yaradır”.
Qeyd edək ki, rəqibi qızğın silahlanmaya çəkərək onu taqətdən salmaq taktikasından “soyuq müharibə” illərində SSRİ-yə qarşı NATO bloku tərəfindən aktiv istifadə olunub. SSRİ-nin dağılmasının səbəblərindən biri kimi məhz, iqtisadiyyatın qızğın silahlanma yarışına tab gətirməməsi göstərilir.
Ekspertlər hesab edir ki, Rusiya silahlanmanı sürətləndirməklə öz üzərinə çox ağır yük götürür, lakin onun gücü nə ABŞ-ın, nə də Çinin gücü ilə müqayisə oluna bilər. Onlar əmindirlər ki, Qərblə mübarizə üçün Rusiyanın nə resursları var, nə də yetərincə vəsaiti var. Silahlanma yarışının nəticəsinin aydın olduğu və Moskvanın bir gün SSRİ kimi diz çökəcəyi, hətta nəticələrin rusiyalılar üçün daha pis olacağını bildirilir.