“Lukaşenko mənə dedi ki, beynəlxalq standart yoxdu, Azərbaycan standartı var” - Ağacan Abıyev

“Lukaşenko mənə dedi ki, beynəlxalq standart yoxdu, Azərbaycan standartı var” - Ağacan Abıyev backend

“Azərbaycan bu yarışlarla təşkil etməklə həm də beynəlxalq arenaya onu göstərdi ki, İslam ölkələri əslində nə ilə məşğuldurlar. Bu dünyanın işinin adı ancaq və ancaq birliyə, insanpərvərliyə, sülhsevərliyə çağırışdır”.

Bu sözləri Publika.az-a Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyev ölkəmizdə təşkil edilən IV “İslam Həmrəyliyi Oyunları”nın əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu oyunlarla dünyaya bir mesaj verdi:

“Ölkəmizdə təşkil edilən IV “İslam Həmrəyliyi Oyunları” həm mədəni, həm təşkilati baxımdan yüksək səviyyədə keçirildi. Bununla da bütün bir dünyaya mesaj verildi ki, baxın görün İslam dünyası hansı işlərlə məşğuldur. Biz insanları dostluğa, qardaşlığa çağırdıq, gəncləri sağlam həyata dəvət etdik.

Oyunlar isə olduqca şəffaf və düzgün formada keçirildi və dünya həm Azərbaycana, həm də Bakıya tamaşa etdi.

Azərbaycan bu yarışlarla təşkil etməklə həm də beynəlxalq arenaya onu göstərdi ki, İslam ölkələri əslində nə ilə məşğuldurlar. Bu dünyanın işinin adı ancaq və ancaq birliyə, insanpərvərliyə, sülhsevərliyə çağırışdır. Üstəlik belə idman yarışları gənclərin sağlam ruhda inkişafı üçün olduqca vacib olan bir platformadır. Bu platformada da Azərbaycan liderlik səviyyəsindədir. Bu faktı IV “İslam Həmrəyliyi Oyunları”nda Azərbaycan yığmalarının bütün idman növlərində birinci yerə çıxması da təsdiq etdi.

Azərbaycan dünyaya həm də bu çağırışı etdi ki, müharibə etmək yox, mədəni səviyyədə rəqabət aparmaq lazımdır. Gənclərin ruhi, fiziki sağlamlığını, xoşbəxtliyini təmin etmək lazımdır.

Beynəlxalq arenada Azərbaycana birmənalı münasibət göstərməyən ölkələrə isə demək lazımdır ki, gözlərini yaxşı-yaxşı açıb real dünyaya tamaşa etsinlər. Ondan sonra Azərbaycana qiymət verə bilərlər.

Azərbaycan istər IV “İslam Həmrəyliyi Oyunları”nın, istərsə də I “Avropa Oyunları”nın keçirilmə səviyyəsi, mədəniyyətinə görə bütün dünyada ad çıxarıb. Bunu mənə Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən deyib. Biz onunla beynəlxalq bir konfransda görüşdük və o, II “Avropa Oyunları”na hazırlaşdıqlarını dedi. O dedi ki, Azərbaycan elə bir yarış keçirdi ki, bu yarışın artıq beynəlxalq standartı yoxdur. Biz ona “Azərbaycan standartı” deyirik. Biz də həmin standarta çatmağa çalışırıq. Bu müstəqil və heç kimdən asılılığı olmayan bir ölkənin prezidenti dedi. Bax, Azərbaycana dünyaya məhz bunu göstərdi”.
Diaspora