"Yeni il kafirlərin bayramıdır, onu qeyd etmək haramdır !" - DEPUTATDAN MÜFƏSSƏL CAVAB

"Yeni il kafirlərin bayramıdır, onu qeyd etmək haramdır !" - DEPUTATDAN MÜFƏSSƏL CAVAB backend

"Yeni il başalayan ərəfədə media əhlimizin əksər hissəsi xüsusi olaraq tanış bir suala indeksləniblər.

Eyni sualla qarşına çıxan insanların, dost-tanışların xeyli hissəsi də buna şərik kimi görünürlər: "Yeni ili harada və necə keçirəcəksiniz!" Cavabım sadə və ənənəvidir: "Öz evimdə, içimdə və düşünərək keçirəcəyəm!" Cavabın səbəbi də sadə və ənənəvidir: "İlin hesabatını vermək və yeni başlayan ilin proqramını düşünmək üçün!" Bu səbəbdən də Yeni ili harada keçirmək və necə keçirmək barədə sualın bayağı aurasından qurtulmaq istərkən, başqa bir tərəfdən də səslər eşitməyə başlayırsan: "Yeni il kafirlərin bayramıdır, onu qeyd etmək haramdır!" Nədənsə yaddaşıma tanınmış məhbuslarıdan birinin müsahibəsində xatırlatdığı bir xatirə-epizod gəlib ilişdi: Həbsxanada bir çox dinçilər kitabxanadan ancaq dini ədəbiyyat alırdılar, çünki onların mülahizələrinə görə dünyəvi kitabı oxumaq haram sayılırdı. Fəlsəfə, məntiq, elm, texnologiya şeytan əməli kimi anlaşılırdı. Yəni bu adamlar, dəvənin belindən, eşşəyin belindən düşüb "Mersedes"ə, "Boinq"ə oturduqları halda, düşüncələrini 7-ci əsrin belindən düşürüb 21-ci əsrin belinə yükləməyi zəruri hesab etməyiblər. Hətta bunlardan da betəri saxta milliyyətçi sürüsüdür. Onlar da 5 min il öncədə- Şumerlərin yanında qalıb bu günümüzə əl yelləyirlər, hələ də bu günün Azərbaycanına gəlib çıxa bilmirlər".

"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa bildirib. Parlamentari qeyd edib ki, bütün bunlardan sonra özüm özümə suallar tərtib etməyə başladım:



Yeni ilə hansı tempdə başlamaq və ilk öncə nədən başlamaq lazımdır? İlk öncə mütailə edəcəyim kitablar barədə bir planlaşdırmanı dəftərçəmin cədvəlinə səliqə ilə qeyd etdim. Ardınca hansı mövzu və kitab çalışmaları üzərində işləyəcəyim bəndini yazdım. Seçicilərlə necə və hansı formatda qəbulu davam etdirmək barədə istiqamətləri dəqiqləşdirdim. Sonra ölkənin demokratikləşdirilməsi, Qarabağ mövzusunda hansı rasional təkliflər hazırlaya biləcəyimi xatırlatdım. Sağlıq proqramı və idman həyatının hansı qrafik üzrə aparılacağını müəyyənləşdirdim. Övladların təhsilinin durumu və yeni istiqamətləri barədə qeydlər apardım. Hansı vacib tədbirlərin keçirilməsi və önəmli insanlarla təmaslar barədə yazdım. Azərbaycanı əsrlərdir cəhalətə, nadanlığa sürükləyən uydurulmuş din anlayışına qarşı hansı işləri görəcəyimi qeyd etdim. Turançılıq adı altıında gizlənən xeyli cahil milliyyətçinin maariflənməsi, yanlış tarix şüurunun dəyişməsi üçün görəcəyim işləri gözdən keçirdim. Və başqa bir çox məsələlər ətrafında düşündüm.

Yeni ildən əlavə Həmrəylik Günü ilə bağlı bir az tərəddüdüm oldu. Uzun illərin həmrəylik çağırışlarından anladığım bu oldu ki, bizlər sağlam düşüncədə həmrəy ola bilmirik, əsasən cahillikdə, xurafatda, bayağılıqda, vətənşivənlikdə həmrəy ola bilirik. Əslində bizə həmrəylikdən öncə fərqli fikirlərin daşıyıcıları olmaq vacibdir. Fikir olmalıdır ki, rəy də olsun, rəy olandan sonra da qarşısına "həm" artırıb yeni söz yaratmaq asan olur.

Sözümün canı budur ki, Yeni il bayram kimi qeyd olunmaqdan çox, hər bir insanın öz üzərinə yeni məsuliyyət götürməsinin başlanğıc anı kimi qiymətləndirilməlidir. Bu səbəbdən də hər bir vətəndaşımıza "Məsuliyyətiniz xeyirli olsun!" deyirəm. İlin sonunda özümüzə, çevrəmizə, Vətənimizə, Dövlətimizə, Yaradanımıza faydalı əməllərimizlə hesabat verməyə üzümüz və sözümüz olsun deyirəm!

Diaspora