İslama görə yeni il hansı tarixdir? Müsəlman İsa Məsihin mövludunu qeyd edə bilərmi? Gecə saat 12-də arzu tutmaq xurafatı...
“Müsəlman Yeni ili qeyd edə bilərmi? Bu sualı şəriət alimlərinə də çox veriblər və hər birinin özünəməxsus cavabı olub. Odur ki, mövzu ilə bağlı islam dünyasında müxtəlif fikirlər var. Amma əksəriyyət bu düşüncədədir ki, əgər bayram xristianlığı simvolizə etmirsə, qeyd etməkdə qəbahət yoxdur”.İlahiyyatçı Rauf Hüseyn bildirib ki, Azərbaycanda əhali Yeni ili xristianlığa xas dini bayram, yaxud da ayin kimi qeyd etmir: “ Bu gün Yeni ili keçirən müsəlman vətəndaşlarımızdan soruşsaq, onlar bu bayramı təqvimin dəyişməsi kimi qeyd etdiklərini bildirəcəklər. Çoxu bəlkə də heç Miladın nə olduğunu bilmir. Öncə onu diqqətə çatdıraq ki, Yeni il dini bayram və ayin deyil. Bizdə bu tarix ilin yenilənməsi münasibəti ilə qeyd olunur. Bildiyiniz kimi dünyada bir neçə təqvim var. Məsələn, ərəblər hicri- qəməri təqviminə əsaslanaraq, məhərrəm ayının 1-də yeni ilə qədəm qoyurlar. Hicri - şəmsi təqviminə görə isə, il Novruz bayramında dəyişir. Bizim ölkədə miladi təqvimi keçərlidir. Odur ki, Azərbaycanda il yanvarın 1-də yenilənir. Bütün tariximiz miladi ilə yazılıb. Kimsə bu hadisəni bayram kimi qeyd etmək istəyirsə, islamın şərtləri daxilində qəbahət yoxdur. Yəni süfrədə haram qidalar və içkilər olmadan, islamın halal-haram şərtlərini gözləyərək müsəlman Yeni ili də keçirə bilər”.
R.Hüseynovun sözlərinə görə dinimiz qeyri-islami bayramları keçirməyi qadağan etmir: “ Bəzi müsəlmanlar Yeni il xristianlıqla, İsa Məsihin mövludu ilə əlaqələndirir. Öncə onu qeyd edək ki, Hz.İsanın doğum tarixi ilə bağlı xristian aləmində də müxtəlif fikirlər var. Katoliklər bu tarixi dekabrın 25-ində, provaslavlar isə yanvarın 5-6-da keçirirlər. Yəni 31 dekabr peyğəmbərin mövludu günü deyil. İslam sosiallaşmanı dəstəkləyən bir dindir. Odur ki, hər zaman bayramlaşmanın tərəfdarıdır. Bəzi müsəlmanlar qeyri-islami olan bütün bayramların əleyhinədirlər. Bu məntiqlə gərək minillik tarixi olan Novruzu da qeyd etməyək. Halbuki Novruz bir sıra gözəl dəyərləri özündə ehtiva edən milli bayramımızdır. Bir sözlə, müsəlman dinin prinsiplərinə əməl etməklə qeyri-islami bayramları da keçirə bilər”.
İlahiyyat bildirib ki, “Qurani-Kərim” Hz.İsaya çox böyük dəyər verir: “ İslama görə peyğəmbərlər arasında fərq yoxdur. Bu baxımdan müsəlman İsa Məsihin mövludunu da qeyd edə bilər. Peyğəmbərin doğum gününü keçirmək ona olan sevgi və hörmətin təcəssümüdür və burada şəriət baxımından heç bir qəbahət yoxdur”.