Savaş 2018-ə qaldı - gələn il Şuşada!..
Qarabağ münaqişəsinin həlli istiqamətində 2017-ci ildə də uğurlu nəticələrə nail olunmadı. Ermənistanın heç bir beynəlxalq normalara məhəl qoymaması və sülhdən uzaq davranış nümayiş etdirməsi, həmçinin bir sıra maraqlı dövlətlərin mövqeyi üzündən sülh razılaşması mümkün olmadı.2017-ci ildə az qala hər gün cəbhədə ermənilər atəşkəsi pozsa da, hər iki tərəfdən itkilər olsa da genişmiqyaslı müharibə olmadı. Artıq nəzərlər növbəti ildə. Savaş 2018-ci ilə qaldı proqnozları kifayət qədər ciddi ekspertlərin dilindən səslənməkdədir.
Ekspertlər bildirir ki, Ermənistanın hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirməsi konfliktin yenidən alovlanma ehtimalını artırıb. İndi ekspertlərin böyük əksəriyyəti bu qənaətdədir ki, yaranmış vəziyyətin gələn il ərzində də davam etməsi mümkünsüzdür. Elə bu səbəbdən hesab edilir ki, növbəti ildə danışıqlarda ciddi irəliləyiş olmayacağı təqdirdə konfliktin hərb müstəvisində çözümü qaçılmaz olacaq. Bunu Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) da təsdiq edir. Qurum bildirir ki, 2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər.
Yeni savaşın Ermənistan üçün fəsadlarının ağır olması ilə bağlı İrəvanın özündə də bəyanatlar səslənir. Məsələn, Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, düşünmək lazım deyil ki, Azərbaycanın Qarabağı geri qaytarmaq istəyi yoxdur: “Onlar Qarabağı da, Zəngəzuru da, zaman-zaman İrəvanı da geri qaytarmaq niyyətindədirlər”.
Eyni qorxunu erməni ekspert Vardan Malxasyanın açıqlamalarında da sezmək mümkündür. O qeyd edir ki, Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır: “Xüsusilə "aprel müharibəsi" yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa, Azərbaycan sürətli hücum planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki “aprel müharibəsi” nəticənin necə olacağını indidən deməyə imkan verir".
Erməni siyasi şərhçi Sarkis Artsruni də bildirir ki, Azərbaycan Qarabağı geri almaqda israrlıdır.
2018-ci ildə savaş riskinin real olduğunu “Yeni Müsavat”a müsahibəsində general-leytenant Yaşar Aydəmirov da söyləyib: “Aprel döyüşlərindən iki il keçəndən sonra ermənilərin ağlı başına gəlib ki, həqiqətən Azərbaycan ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Ayıldılar ki, həqiqətən də Azərbaycan ordusu nəinki işğal olunmuş Qarabağ ərazilərini, həm də ötən əsrdə siyasi işğala məruz qalmış Qərbi Azərbaycan ərazilərini azad etmək iqtidarındadır. Uzun müddət aprel döyüşlərinin nəticələrini gizlətməyə çalışdılar. Amma indi erməni xalqını qorxutmaq üçün deyirlər Azərbaycan ordusu hər an hücuma keçə, torpaqları işğaldan azad edə bilər. Həqiqətən Azərbaycan hər an döyüşlərə başlaya bilər. İri dövlətlərin də hamısının marağında budur ki, Qarabağda müharibə yenidən başlamasın, Azərbaycan da torpaqlarını işğaldan azad etməsin. Yoxsa şans versəydilər, Azərbaycan heç kəsin yardımını gözləmədən torpaqlarını qısa müddətdə azad edə bilərdi. Çünki Azərbaycan ordusu yüksək səviyyəyə gəlib çatıb və məsələni qısa bir vaxtda həll etməyə qadirdir. 2018-ci ildə savaş riski həddindən artıq yüksəkdir. Çünki məsələnin həlli uzana bilməz. Nə qədər uzanacaq? Sadəcə, siyasi dairələrdə bu məsələ ilə bağlı qərar olmalıdır ki, Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirsin”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli də “Yeni Müsavat”a bildirdi ki, 2018-ci ildə Qarabağda genimiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı böyükdür: “2016-cı ilin 31 martında heç kim təsəvvür etmirdi ki, aprel ayının 2-də Ermənistan ordusuna o cür kəskin cavab veriləcək. Erməni generalları da etiraf edir ki, aprel savaşı bircə həftə davam etsəydi Ermənistan tamamilə məğlubiyyətə düçar olacaqdı və Azərbaycan ordusu Xankəndiyə, Şuşaya qədər gedəcəkdi. Biz də bunu bilirik. Azərbaycan ordusunun o zaman dayanmasının isə səbəbini də bilirik. Yaxşı bilinir ki, hansı dövlətin xahişi və israrı ilə aprel savaşı dayandırıldı. Dediyim odur ki, qarşıdakı ilin də istənilən günü Qarabağda hərbi əməliyyatlar başlaya bilər. Erməni ordusunun istənilən bir hücumu, təxribatı aprel savaşından dəfələrlə böyük miqyaslı cavabla qarşılana bilər və bu dəfə ordumuz dayanmaz, bayrağımızı Şuşada qaldırana qədər irəliləyər. Aprel savaşından öncə bəlkə də bu cür açıqlama və proqnozlar kimlərsə tərəfindən qeyri-inandırıcı, reallaşması mümkün olmayan fikirlər sayıla bilərdi. Lakin aprel savaşı vəziyyəti dəyişdi və bu gün bizim bu fikirlərimiz reallığa, ordumuzun gücündən əminliyə əsaslanır”.
Ekspert qeyd etdi ki, Azərbaycanın dövlət kimi gücü, ordusunun imkanları, iqtisadiyyatı istənilən an Ermənistanın təxribatlarına misli görünməmiş miqyasda cavab verməyə imkan verir. Beynəlxalq münasibətlər sistemində vəziyyət azacıq dəyişsə Azərbaycan beynəlxalq qanunlara və Konstitusiyasına əsaslanaraq öz ərazilərinin azad edilməsi, ərazilərində suverenliyinin təmin edilməsi üçün hərbi əməliyyatlara başlayacaq: “Minsk Qrupunun həmsədr dövlətləri bu münaqişəni həll edən deyillər. Onlar bu münaqişəni uzatmaqla məşğuldurlar. Bir-iki həftə bu üç dövlət çəkilib kənarda dayansalar, müdaxilə etməsələr Azərbaycan ordusu bayrağını Şuşada qaldırar və Ermənistanı beynəlxalq hüququn şərtlərinə razı salar. Əgər qarşıdakı ildə Ermənistanın diversiya qrupları 2016-cı ilin aprelindəki kimi hansısa təxribata cəhd etsələr bu dəfə Azərbaycanın onları cəzalandırması apreldəkindən qat-qat artıq olacaq”.