Tofiq Zülfüqarov: “Azərbaycanın maraqları baxımından ciddi bir təhlükə varsa rəsmi Bakı cavab addımları ata bilər”
“Ermənistanın iqtisadiyyatı o qədər zəifdir ki, bu zəiflik digər sahələrin inkişafına imkan vermir”İki gün bundan öncə Gürcüstan və Ermənistanın müdafiə nazirlərinin görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı sahəsində bir sıra razılaşmalar əldə edilib. Hansı ki, Gürcüstan tərəfinin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla bu razılaşması ölkəmizdə heç də hər kəs tərəfindən birmənalı qarşılanmayıb.
Maraqlıdır, Gürcüstanın iqtisadi həyatında mühüm rol oynayan, bu ölkədə iri layihələr reallaşdıran Azərbaycan adıçəkilən ölkənin həyatındakı önəmindən rəsmi Tiflisə qarşı təzyiq vasitəsi kimi istifadə edə, bu yolla onu Ermənistanla əməkdaşlıqdan çəkiundirə bilərmi? ABŞ-ın maliyyə baxımından ondan asılı olan və Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələməsi praktikası rəsmi Bakının müəyyən redaktə və korrektələrlə Gürcüstana qarşı tətbiq etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ölkələr arasında münasibətlər çox mürəkkəb xarakter daşıyır. Təbii ki, hər bir dövlət addım atanda onu hərtərəfli ölçüb-biçməlidir. Öncə fikirləşməlidir ki, atacağım bu addım mənə ziyan, yoxsa xeyir gətirəcək? Ola bilsin ki, Gürcüstanda bəzi hökumət nümayəndələri Azərbaycanın marağına zidd hansısa addım atsın. Lakin belə bir şey baş verən zaman, öncə Azərbaycan tərəfini öz narahatlığını Gürcüstan hökumətinin diqqətinə çatdırmalıdır. Bildirməlidir ki, sizin nəzərdə tutduğunuz əməkdaşlıqda ölkəmizi narahat edən nüanslar var. Bunun üçün diplomatik imkanlar var və Azərbaycan bu imkanlardan istifadə edə bilər.
İkincisi, mən düşünmürəm ki, Ermənistan-Gürcüstan əməkdaşlığı ilə bağlı səslənən bəyanatların arxasınca hansısa real işlər görülsün. Ermənistanın iqtisadiyyatı o qədər zəifdir ki, bu, ona digər sahələr də hansısa yeniliklər etməyə, bu sahələri inkişaf etdirməyə imkan vermir. Lakin bir daha qeyd edirəm ki, əgər ortada Azərbaycanın maraqları baxımından ciddi bir təhlükə olsa, Azərbaycan həm iqtisadi, həm də siyasi səpgidə cavab addımları ata bilər və ölkəmizin gücü buna imkan verir”.