Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov 2018-ci ildə dünya siyasətində baş verə biləcək hadisələrdən danışıb.
Politoloq Publika.az-a bildirib ki, 2018-ci il siyasi baxımdan mürəkkəb dövr olacaq.“Çünki bir neçə ölkədə, o cümlədən, Azərbaycanda, Rusiyada, Ermənistanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə bu prosesə müdaxilə etmək istəyən, çox güman ki, müəyyən beynəlxalq qüvvələr tapılacaq”.
ABŞ
“Dünyada geosiyasi qarşıdurma davam edəcək. Bunun fonunda bir sıra gözlənilməz hadisələr baş verə bilər. Məsələn, ABŞ-la Şimali Koreya arasındakı gərginlik yenidən zirvəyə çıxa bilər. ABŞ-ın keçən həftə qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası proqramında da bir daha göstərildi ki, Amerika mövcud mövqeyindən geri çəkilməyəcək, dünyadakı beynəlxalq rolundan əl çəkməyəcək. Bu da ona işarədir ki, ABŞ Şimali Koreya ilə gərgin münasibətlərini düzəltmək üçün yumşaq addım atmayacaq”.
TRAMPIN GÜC NÜMAYİŞİ
“Bildiyiniz kimi, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra ilk dəfə Şərq ölkələrinə səfər etdi. Düzdür, burada məqsəd həmin bölgələrdə ölkəsinin mövqeyini möhkəmləndirmək və müəyyən məsələlərə öz münasibətini bildirmək, həmçinin, region ölkələri ilə yaxşı münasibətlərinin olduğunu digər nəhəng dövlətlərə göstərmək idi. Əslində bu səfərin təşkil edilməsi normal bir şeydir. Hər bir prezident, xüsusilə, yeni seçilənlər və böyük dövlətə başçılıq edənlər belə səfərlər etməlidir. Ancaq Trampın bu səfərindən sonra Yaxın Şərqdə vəziyyət birdən-birə qarışmağa başladı”.
YAXIN ŞƏRQ
“Yəmənlə Səudiyyə Ərəbistanının münasibətləri münaqişə səviyyəsindədir. Qətərə hələ də müəyyən maliyyə və diplomatik sanksiyalar tətbiq edilir. Suriyadakı gərgin vəziyyət sadəcə don dəyişir. Bu da onu göstərir ki, ABŞ dünya siyasətində hegemonluğunu göstərmək istəyirsə, təkcə səfərlər təşkil etməklə dünyadakı vəziyyəti nəzarət altına ala bilməz və problemləri bununla həll edə bilməz”.
NÜVƏ MÜHARİBƏSİ
“Dünya praktikası göstərir ki, nüvə silahlarına malik olan dövlətlər heç vaxt müahirəbəyə girişməyib. Çünki bu silaha malik olan ölkə digərinə savaş elan edib hücum etmək istəyirsə, çox yaxşı bilir ki, qarşıdan da eyni münasibəti görəcək. Buna görə də ABŞ-la Şimali Koreya arasında müharibənin başlanması real görünmür. Ancaq belə nəticəyə gəlmişik ki, onlar arasındakı gərginlik hələ davam edəcək. O vaxta qədər ki, iki münaqişəli ölkənin münasibətlərinə 3-cü tərəf müdaxilə etsin və sülh razılaşması üçün danışıqlara cəhd göstərsin. Bu cəhd üçün də Şimali Koreyanın qonşuları addım atsa, daha yaxşı ola bilər. Çünki bu gərginlikdə onların milli maraqları və sabitliyi də təhlükə altına düşür”.
AVROPA
“Bir tərəfdən NATO öz qüvvələrini Avropa ilə Rusiyanı sərhədi boyunca yerləşdirir, digər tərəfdən də qüvvələri genişləndirir. Nəhəng dövlətlər Rusiyaya sanksiyalar tətbiq edir. Təbii olaraq bu vəziyyət Rusiyanı təhdid altında saxlayır. Ancaq digər bir məsələ də var: Rusiya daxili və xarici siyasətində qəribə və radikal addımlar atır: məsələn, Krım yarımadasının ilhaq edilməsi, Donbasda separatçılara dəstək verilməsi və s. Əlbəttə ki, bu vəziyyət adı çəkilən bütün tərəflərin ürəyincə deyil. Çünki ehtimal olunan mümkün müharibələrə hazır olmaq üçün hərbi büdcəni artırmaq lazım gəlir”.
İNGİLTƏRƏ Aİ-ni TƏRK EDİRSƏ
“Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilk növbədə bu qurumun maraqlarına zərbə vuracaq və istər-istəməz onun mövqeyini zəiflədəcək. Eyni zamanda, bu addım krallığın daxilindəki yarımmüstəqil qüvvələrin baş qaldıraraq tam müstəqilliyə keçid etməsinə yaşıl işıq yandıracaq. Çünki Şotlandiya hələ “Brexit” razılaşması gündəmə gələn zaman bildirmişdi ki, İngiltərə Aİ-ni tərk edərsə, o, Böyük Britaniyadan ayrılacaq və özü Aİ-yə qoşulacaq. Uels və Şimali İrlandiya da Şotlandiyanın siyasətinə şərik çıxır”.