Aqil Abbas :"Qazilər günü”ndə isə həm şəhidlərimizi yad edə, həm də qazilərimizin xidmətlərini dəyərləndirə bilərik"
""Şəhidlər günü” yox, "Qazilər günü” müəyyən edilsə, daha yaxşı olar”.Bunu "Sherg.az”a Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədovun ayrıca "Şəhidlər günü”nün qeyd edilməsi təklifinə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib.
O vurğulayıb ki, aprelin 2-si "Qazilər günü” kimi təqvimə yazıla bilər:
"Rayonlarımızın işğal günləri, soyqırımı ildönümləri, Ümumxalq Hüzn Günü və s. anım günləri var. Həmin günlərdə şəhidlərimizi yad edirik. "Qazilər günü”ndə isə həm şəhidlərimizi yad edə, həm də qazilərimizin xidmətlərini dəyərləndirə bilərik. Bu günün "Qazilər günü” adlanması insanlarda ruh yüksəkliyi də yaradacaqdır. Təəssüf ki, il ərzində anım günlərimiz, ağrılı günlərimiz çoxdur. Həmişə qəm üstdə köklənməyək”.
Deputat əlavə edib ki, bu məsələni parlamentdə qaldırmaq mümkündür:
"Deputatlarla da bunu müzakirə edərik və ortaq nəticəyə gəlib, uyğun şəkildə bir gün müəyyən edə bilərik”.