"Vladimir Putin yenidən prezident seçilərsə, ilk növbədə Rusiyanın öz daxilində dəyişikliklər olacaq”.
Bunu "Sherg.az”a Rusiyadakı siyasi prosesləri şərh edərkən politoloq İlqar Vəlizadə deyib.O qeyd edib ki, Rusiya siyasi rəhbərliyi indidən dəyişikliklərə başlayıb:
"Hazırda antikorrupsiya proqramı həyata keçirilir. Hətta bəzi rütbəli şəxslər, nazirlər istintaqa cəlb olunub. Yeni kadrlar hakimiyyətə gətirilir, köhnə kadrlar dəyişir. Rusiya siyasi elitalarında dəyişikliklər baş verir. Bu, hansı nəticəyə gətirib çıxaracaq, indidən demək olmur. Lakin daha səriştəli, Qərb təhsili almış şəxslər idarəçiliyə cəlb olunur. Ümid var ki, daxili siyasəti qorumağa gətirib çıxaran praqmatik addımlar atılacaq. Rusiya iqtisadiyyatı da hazırda sanksiyalarla üzləşib. Ona görə, əsas məqsəd sanksiyaların təsirini azaltmaqdır. Düşünürəm ki, Rusiya daxili siyasətində müəyyən dəyişikliklər aparacaq.
Putin özü isə Rusiya üçün yeni müxalifətin ərsəyə gəlməsini Rusiya üçün vacib hesab edir. Ola bilər, Putin prezident seçilməsin. Bütün hallarda o, özünə əvəzedici şəxs axtarmaqla məşğul olacaq. Həmçinin yeni müxalifətin meydana gəlməsi məsələsi də aktuallaşır. Güman ki, yaxın müddətdə prosesləri daha nəzərə çarpan müşahidə edəcəyik”.
İ.Vəlizadənin sözlərinə görə, ölkənin xarici siyasətində də dəyişikliklər görünür:
"Suriyada qələbə Rusiya hakimiyyətinə imkan verir ki, bu bölgədə mövqelərini möhkəmləndirsin. Yaxşılaşan Türkiyə-Rusiya, Rusiya-İran münasibətləri sayəsində Rusiya yeni partnyorlar axtarır. Misirə səfərləri də bunu göstərir ki, bu ölkə ilə bağlı ümidlər var. Növbəti illərdə Şərqi Aralıq dənizi regionunda Rusiyanın nüfuzunun möhkəmlənməsini müşahidə edəcəyik”.
Avropa ilə münasibətlərə gəlincə, politoloq əlavə edib ki, bu məsələdə yeni dəyişikliklər olmayacaq:
"Çünki Avropanın Rusiya ilə münasibətlərdə daha sərt davranacağını düşünürəm. Bu isə Rusiyanı cənuba və Şərqə tərəf baxmağa məcbur edəcək”.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri kampaniyasına dekabrın 18-də rəsmi şəkildə start verilib. Partiyalar namizədlərini təsdiq etmək üçün qurultaylar, öz təşəbbüsü ilə namizədliklərini irəli sürən şəxslər dəstək qruplarının iclaslarını keçirməyə başlayacaq, müvafiq olaraq 20 və 25 gündən sonra Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün ərizə ilə müraciət edə biləcəklər. Eyni zamanda, prezident seçkilərinin təşkili və keçirilməsi üçün federal büdcədən maliyyə vəsaiti daxil olmağa başlayacaq. Rusiyada prezident seçkilərinin təşkili üçün 2018-ci ilin büdcəsində 14,807 milyard rubl vəsait nəzərdə tutulub. Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.