Axtarsan bəlkə də hörmətli Alışanov cənablarının qara rəngli dəftərlərinin içində surdotərcüməçilərə vəsait ayrılması ilə bağlı qeydləri tapmaq mümkün olar.
Necə olsa da təcrübəli televiziya təsərrüfatı işçisidir, anlamamış deyil ki, bu ölkədə eşitmə əngəllisi olan xeyli vətəndaş var və onların da xəbərləri dinləmək haqqı beynəlxalq konvensiyalarda nəzərdə tutulub. Ancaq qara dəftərlərdə olanlar çox zaman reallıqda olmur, bu da bizlərə çoxdan tanış olan məsələdir.Az.TV-ni yenə də anlamaq olar, qapalı cəmiyyətdir, İctimai TV isə fərqli təbəqələrin üzünə açıq olmalıdır, onlar niyə qara dəftərdə yazılanları reallıqda tətbiq etmirlər? Burada surdotərcüməçilərə ödəməyə pul tapılmır? Belə görürəm ki, büdcədən ayrılan dövlət vəsaitinə qənaət etmək üçün bu iki mahiyyətcə eyni düşüncə tərzinin məhsulu olan televiziyaları birləşdirib adını da İctimai Az.TV qoymaq olar, 44 milyonun da 22 milyonunu kəsib şəhid ailələri və Qarabağ əlilləri üçün evlərin tikintisinə bu vəsaiti yönəltmək olar. İctimai Az.TV termini məncə mahiyyətə tam uyğun tapıntıdır, çünki bu zaman nəhayət ki, Az.TV öz tarixində ilk dəfə olaraq ictimailəşəcək, İctimai TV də olduğu kimi görünərək Az.TV-nin içindən Azərbaycana boylanacaq. Necə deyərlər, "alma almaya əməlli başlı bənzəyəcək!" Millətə də xeyri budur ki, bundan sonra hörmətli Cəmil müəllimin vaxtilə yediyi almanın qabığını yeməkdən xilas olacaq. Təqribən Gülümsərovun tanış Limandrası kimi bir şey yaranacaq. İctimai Az.TV-miz xeyirli olsun!
Fazil Mustafa, millət vəkili