“Babası Dağlıq Qarabağın hərbi komissarı olmuşdu” - Ölümündən 1 il ötdü...

“Babası Dağlıq Qarabağın hərbi komissarı olmuşdu” - Ölümündən 1 il ötdü... backend

Maksim Şevçenko:” Heydər heç vaxt kimisə kafirlikdə ittiham etməzdi...”

Bir il öncə - dekabrın 5-də əslən Qarabağdan olan məşhur ilahiyyatçı filosof, mütəfəkkir və ictimai xadim, Heydər Camal dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, Rusiya İslam Komitəsinin mərhum sədri olan şuşalı balasının xatirə günündə Rusiya KİV-də ona bir sıra yazılar həsr edilib.

Tanınmış rus jurnalisti Maksim Şevçenko mərhum dostu Heydər Camalın İslama bağlılığından belə bəhs edir:” Heydər 1 saniyə belə fanatik deyildi. Bu, onda heyrət doğururdu. O, prinsipial və mömin insan idi. İmandan söhbət düşəndə, o inanılmaz dərəcədə ciddi danışar, heç zaman bu mövzuda zarafat etməzdi. Ancaq Heydər heç vaxt heç kəsi kafirlikdə suçlamazdı...”

Xatırladaq ki, Qarabağ xanı Pənahəli xana bağlanan məşhur Sarıcalılar nəslindən olan Heydər Camalın atası tanınmış rəssam Cövdət(Rusiya mətbuatında Cahid də adlanır) Camaldır. 2011-ci ildə dünyasını dəyişmiş C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub. Rusiya mətbuatında o da vurğulanır ki, Heydər Camalın babası Şamil Camal Böyük Vətən II Cahan savaşı illərində Qarabağın hərbi komissarı olub. Daha sonra o, Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Heydər Camal isə 1947-ci ildə Moskvada anadan olub. O, hələ uşaq ikən ailəsi yenidən Şuşaya - ata yurduna köçür. Lakin burada çox qalmayaraq yenidən Moskvaya dönürlər. H.Camal yalnız islamşünaslıqla deyil, alpinizmlə də məşğul olan qeyri-adi və çox istedadlı bir insan kimi tanınıb. Bəziləri onun dini-siyasi baxışlarının ziddiyyətli olduğunu bildirirlər. O, dəfələrlə Azərbaycanın Qarabağ məsələsindəki mövqeyini müdafiə edib.

Qeyd edək ki, H.Camalın oğlu Orxan Camal Rusiyada və dünyada tanınan jurnalistlərdəndir. Moderator.az bu yaxınlarda onun müsəlmanların soyqırıma məruz qaldığı Myanmara səfəri haqda yazmışdı.

1993-cü il dən Rusiya İslam Komitəsinin sədri olan H.Camal 2016-cı il dekabrın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.

Allah rəhmət eləsin!
Diaspora