"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".
Bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.
"Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir", - deyə nazir müavini vurğulayıb.
Xələf Xələfov Xəzərin hansı prinsiplər əsasında bölündüyünü də açıqlayıb: “Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür: “Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür".
(APA)