İran İsraildən qisas almağa çalışacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.İsrail Hərbi Hava Qüvvələrinin Suriyada İrana məxsus hərbi hissəni bombardman etməsinə münasibət bildirən Qabil Hüseynli xatırladıb ki, İsraillə İranın münasibətləri çox kəskindir:
“İran İsrailin ünvanına müxtəlif təhdidlər yağdırır və onun qeyri-qanuni, qondarma dövlət olduğunu iddia edir. Tehran İsraili nə vaxtsa yer üzündən siləcəyini açıqca bəyan edir. Son Suriya hadisələrində İranın fəal rolu, xüsusilə Bəşər Əsəd rejiminin qorunub saxlanılmasındakı xidmətləri burada şiə azlığının üstünlüyünü təmin etməyə imkan verir.
Bu nöqteyi-nəzərdən İran Suriyada möhkəmlənməyə və Dəməşqin təxminən 13 kilometrliyində hərbi baza yaratmağa başlamışdı. Süni peyklər vasitəsilə əldə edilmiş foto-materiallar göstərir ki, İrana məxsus hərbi bazanın tikintisi həyata keçirilir və bu baza gələcəkdə İsrail üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.
Ona görə də İsrail qəfildən Livan üzərindən hücum edərək həmin hərbi obyektləri dağıdıb. Hələlik nə İsrail, nə də İran tərəfindən rəsmi məlumat yayılmayıb. Ancaq fikrimcə, İran cavab tədbirləri görəcək”.
Qabil Hüseynli əlavə edib ki, bu hadisə İsrail-İran münasibətlərini bir az da gərginləşdirəcək: “Bildiyiniz kimi ABŞ və digər dövlətlər İrana qarşı qəzəblidirlər. Bu nöqteyi-nəzərdən İran bu hücumun üzərindən keçə, ancaq gizli fəaliyyətlərə, o cümlədən terror dalğalarına rəvac verə bilər. Yəni, İranın cavabı olacaq, ancaq mən bu cavabın açıq müharibə şəklində olmayacağını ehtimal edirəm. Digər formalarda, partizan müharibələri, yaxud terror aktları yolu ilə bunu cavablandıra bilər. Bir sözlə, Yaxın Şərqdə siyasi hərarət yenidən yüksəlməyə başlayır”.
Qeyd edək ki, Livan hava sahəsindən istifadə edən İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kisva şəhərində İrana məxsus hərbi obyektə zərbələr endirib. Obyekt Dəməşqdən 13 kilometr aralıda yerləşir.