Ankara Dağlıq Qarabağ münaqişəsinin uzanmasından və Azərbaycan torpaqlarının işğal altında qalmasından narazıdır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Qarabağ mövzusunu da gündəmə gətirməsi təsadüfi deyil:"Doğrudur, nəticə yoxdur, ancaq bütün hallarda bu, Ankaranın fəallığını artırmasına işarədir. Digər tərəfdən, Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə hamıya mesaj göndərir ki, Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil. Bölgənin enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək Ankaranın fəallığı tək elə bu səbəbdən də anlaşılandır. Əsas sual isə Kremlin Ankaranın Qarabağ münaqişəsinin həllindəki artan fəallığına mane olub-olmaması ilə bağlıdır".
Qeyd edək ki, bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.