“Şimal qonşumuz imkan vermir ki, Azərbaycan terrorçulara qarşı əməliyyat keçirsin” — deputatdan ŞOK AÇIQLAMA

“Şimal qonşumuz imkan vermir ki, Azərbaycan terrorçulara qarşı əməliyyat keçirsin” — deputatdan ŞOK AÇIQLAMA backend

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı Elman Məmmədov deputat həmkarı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelini Qarabağı Krımla eyniləşdirməsinə görə qınayıb.

E.Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Krımla Dağlıq Qarabağ məsələlərini müqayisə etmək absurddur:

“Mənim deputat Mixail Zabelinə böyük hörmətim var. Ancaq onun kimi təcrübəli adamın bu qədər böyük səhvə yol verməsi qəbuledilməzdir. Krımla Qarabağ məsələsini eyniləşdirmək olmaz. Bunlar bir-birindən tamamilə fərqli məsələlərdir”.

Deputat deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır, Azərbaycan Respublikasının sərhədləri daxilində tarixi ərazimizdir:

“1923-cü ildə Moskvada vəzifədə olan ermənilərin təhriki ilə heç bir hüquqi əsası olmadan Dağlıq Qarabağa qondarma muxtariyyət verilib. Həmin dövrdə Ermənistan və Gürcüstanda da yarım milyondan çox azərbaycanlı kompakt şəkildə yaşayırdı. Amma onlara muxtariyyət verilmədi, amma Dağlıq Qarabağdakı ermənilərə verildi. Yəni, buradan da aydın olur ki, Dağlıq Qarabağ problemi məqsədli və düşünülmüş şəkildə hazırlanmış məkrli plan idi. Bu plan nə vaxtsa partlayıb münaqişəyə çevriləcəkdi. Nəhayət, ötən əsrin 90-cı illərində partladı. Ona görə də mən Mixail Zabelinin Krımla Qarabağ məsələlərini eyniləşdirməsi fikirləri ilə qəti razı deyiləm. Krımla Dağlıq Qarabağ məsələlərini eyniləşdirmək olmaz. Ümumiyyətlə, bu məsələlərin bir-birinə uyğunluğu yoxdur”.

E.Məmmədov qeyd edib ki, Azərbaycan özü belə Krımı Ukraynanın ərazisi kimi tanıyır:
“Biz gözümüzü açandan görmüşük ki, Krım Ukrayna ərazisidir. Tarixi bağlılığına görə götürsək, əslində Krım Türkiyənin ərazisi olmalıdır. Çünki SSRİ-dən də öncə Krım Osmanlı İmperiyasının ərazisi olub. Sonradan Krımı işğal ediblər”.

Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn bütün tələbləri və BMT-nin bütün qərarlarına əsasən, qanunsuz olaraq öz ərazisində yaradılmış və separatçı fəaliyyətlə məşğul olan silahlı birləşmələri məhv etmək hüququna malikdir:

“Azərbaycan silahlı əməliyyatlar keçirməklə öz ərazisində mövcud olan erməni separatçı birləşmələrini və terrorçuları təmizləmək ixtiyarına sahibdir. Sadəcə olaraq şimal qonşumuz Azərbaycana imkan vermir ki, terrorçulara qarşı əməliyyat keçirsin”.

Xatırladaq ki, Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburqda keçirilən “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Krım və Dağlıq Qarabağ məsələlərini müqayisə edib:

“Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır. Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Qeyd olundu ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır”.
Diaspora