İki azərbaycanlı milyarderin savaşına Bakıdan reaksiyalar – “Mənsimovun yanındayıq”

İki azərbaycanlı milyarderin savaşına Bakıdan reaksiyalar – “Mənsimovun yanındayıq” backend

“Palmalı” Şirkətinin prezidenti ilə “Lukoil” şefi Vahid Ələkbərovun məhkəmə və informasiya çəkişməsinə ölkəmizdən birmənalı mövqelər: “Mübariz bəy ölkəsinə və xalqına daha çox bağlıdı”

Azərbaycandan kənarda yaşayan, uğurlu biznes quran iki milyarder soydaşımız arasında qalmaqal böyüyür. Türkiyə əsilli “Palmali”nin Rusiya əsilli “LUKoil”ə qarşı London Arbitraj Məhkəməsində qaldırdığı 2 milyard dollarlıq iddia, açıq informasiya savaşı ilə müşayiət olunmaqdadır.

Xatırladaq ki, azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən “Palmali Denizçilik” şirkəti bu ilin iyulunda daha bir azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbərliyi altında çalışan, Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə verib. Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən olan “Palmali” müqavilə qaydalarını pozduğuna görə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.

Məhkəmə iddiası qaldırılandan 2 ay sonra – sentyabrda “LUKoil” mərkəzi ofisi Cenevrədə yerləşən “Litasco” şirkətinin satılması barədə qərar qəbul edib.



Bu, M.Mənsimovun daha bir iddia ilə məhkəməyə üz tutmasına səbəb olub. Bu barədə danışan milyarder satış qərarının məhz məhkəmə iddiasından yayınmaq məqsədi ilə alındığını bildirib. M.Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də “Palmali Holding” və “Litasco” arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, “Palmali Holding” “Litasco”dan 440 milyon dollarlıq gəmi almalı idi: “Lakin “Litasco” müqavilənin şərtlərini pozduğuna görə, “Palmali Holding” 4 milyard dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, “Lukoil” qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə “Litasco”nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq “Palmali Holding” bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz “Litasco” ilə yeni müqavilə imzalamamışıq”.



Məhkəmə iddiası qaldırıldıqdan sonra Rusiya mətbuatında “Palmali”yə qarşı yönəlmiş yazılar intensivləşməyə başlayıb. Noyabrın əvvəlindən isə bu proses açıq informasiya savaşına çevrilib. Belə ki, ayın əvvəlində “Nezavisimaya qazeta”da şirkətin əleyhinə yönəlmiş, “LUKoil”lə bağlanan müqaviləni təhrif edən böyük material dərc edilib. Həmin materialda hətta V.Ələkbərovun da fikirlərinə yer verilib. Hansı ki, o, “Palmali”nin iflas həddində olduğunu, məhkəmə iddiasını da iflasdan qaçmaq üçün qaldırdığını iddia edir. Materialda həmçinin şirkətin Rusiyadakı törəməsinin irihəcmli vergidənyayınma faktının aşkarlandığı qeyd edilir.



Bir neçə gün əvvəl isə eyni iddia ilə “Russia Today” telekanalı xəbər yayıb. Xəbərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin “Palmali” şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı 1 milyard rubl həcmində vergidənyayınma şübhəsi ilə araşdırmalara başladığı, şirkətin maliyyə vəsaitlərini Rusiyadan çıxarmaqda ittiham olunduğu və sair bildirilir.



“Palmali”nin regional ofis rəhbərinin birinci müavini Tuyqun Nadirov Azərbaycan mətbuatına bildirib ki, yayılan xəbərlər uydurmadır. T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib: “Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun nə Rusiyanın vergi, nə də hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır”.

Göründüyü kimi, V.Ələkbərov “Palmali”yə qarşı yalnız məhkəmə müstəvisində deyil, informasiya sahəsində də müharibə aparmağa başlayıb. Bu müharibəyə isə Rusiyadakı erməni əsilli mətbuat nümayəndələri həvəslə dəstək verirlər.

Azərbaycan mətbuatı, cəmiyyəti iki milyarder soydaşımızdan hansının mövqeyini müdafiə etməlidir? Bu informasiya savaşında dəstəyimiz kimdən yana olmalıdır?



Sualla müraciət etdiyimiz Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, münaqişədə birmənalı şəkildə M.Mənsimovun tərəfindədir: “Mübariz Mənsimovun Azərbaycana bağlılığı, Azərbaycanla bağlı problemlərdə daha çox iştirakı, üzünü Rusiyadan Türkiyəyə çevriməsi məsələləri nəzərə alaraq, bu məsələdə onun tərəfində olmalıyıq. Hesab edirəm ki, bütün Azərbaycan onun tərəfində olmalıdır. Həm hər zaman özünü azərbaycanlı, bu vətənin oğlu kimi aparmağı, həm də haqlı olduğu baxımından bunu haqq edir.”



Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı V.Ələkbərovun heç vaxt Azərbaycanla, Rusiyaya gedən, orada yaşayan hansısa soydaşımızla bağlı hansısa aksiyaya dəstək verdiyini, hansısa çalışmalarda iştirak etdiyini eşitmədiyini bildirdi: “Bu adam bizim soydaşımız olsa da, özünü həmişə Rusiyanın vətəndaşı, Rusiyanın maraqlarının müdafiəçisi kimi aparıb. Yəni o, həmişə Rusiyanın adamı olub, belə də qalacaq. Amma Mübariz Mənsimov harada olsa belə, ilk öncə azərbaycanlı olduğunu qabardır. Azərbaycanın problemlərinə öz problem kimi yanaşır, üstünə gedən soydaşlarımıza hər cür dəstək verir, müalicəyə ehtiyacı olanlara yardım göstərir. Yəni buradan Rusiyaya gedib problemlə üzləşən heç bir soydaşımızın ağlına gəlməz ki, Vahid Ələkbərovun üstünə getsin. Amma Türkiyədə belə bir hal olan kimi hamı Mübarizin yanına gedir. Çox istəyərdim ki, Azərbaycandan kənara gedən hər bir soydaşımız ölkəmizi Mübariz Mənsimov kimi sevsin, həmvətənlərimizə onun qədər can yandırsın.”

Rusiya mətbuatında “Palmali”yə qarşı materialların çoxalmasını E.Eyvazlı münaqişədə məhz M.Mənsimovun haqlı tərəf olmasının göstəricisi kimi qiymətləndirir: “V.Ələkbərov haqlı tərəf olsaydı, məhkəmə araşdırmasının nəticələrini gözləyərdi. Bu üsullara əl atılırsa, demək ki, hüquqi müstəvidə mövqeyinin doğru olmadığını bilir.”

Birlik rəhbəri deyir ki, bu məsələdə Azərbaycanın maraqlarını nəzərə alan hər kəs M.Mənsimovun tərəfində olmalıdır.



“Güzəran” Sosial-İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Qadir İbrahimli isə deyir ki, iki azərbaycanlı milyarderin savaşında mövqe tutarkən diqqətli olmalı, kimin haqlı, kimin haqsız olduğu nəzərə alınmalıdır: “Yanaşmamız qərəzli olmamalı, hər iki tərəfə eyni olmalıdır. Vahid Ələkbərov Rusiya vətəndaşı olduğu, bu ölkənin mətbuatına çıxış imkanları güclü olduğu üçün orada onun xeyrinə ola materiallar tez-tez gedir. Bu məsələdə Mübariz Mənsimovun mövqeyi bir qədər zəif görünür. O baxımdan ki, Türkiyə mətbuatında onun mövqeyindən çıxış edən yazılar demək olar ki, yoxdur, yaxud da çox zəifdir. Hesab edirəm ki, ən azı Tükiyə mətbuatında təbliğatı gücləndirə bilər”.



Birlik rəhbəri də o mövqedədir ki, iki milyarderdən Azərbaycana daha çox yaxın olanı, əlbəttə, M.Mənsimovdur: “Yəni Mübariz Mənsimov daha çox azərbaycanlıdır, nəinki Vahid Ələkbərov. Lakin biz Vahid Ələkbərovu da kənara qoya bilmərik, onun da Azərbaycanda biznesi, yatırımları var. Eyni zamanda “Palmali”nin də batdığını demək qətiyyən mümkün deyil. Dünya neft bazarındakı böhran bu sahəyə bağlı bütün sektorları vurdu. Neft daşımaları birbaşa neftin qiymətinə bağlı bir sahədir, buna görə də həm “LUKoil”, həm də “Palmali” xeyli zərər gördülər. Lakin bu, onların məhv olduğu anlamına gəlmir. Hazırkı çəkişmə də neft daşımaları sahəsindəki rəqabətdən doğan çəkişmədir. Və müşahidələr göstərir ki, Mübariz bu məsələdə özünü daha təmkinli aparır. Bu isə onun hüquqi baxımdan mövqeyinin daha güclü olmasından xəbər verir”.


Musavat.com

Diaspora