“Rusiya bugünkü Azərbaycan dövlətinin təşəkkül tapmasına böyük simpatiya ilə yanaşır”, - virtualaz.org xəbər verir ki, bunu “Den TV” internet kanalına müsahibəsində Rusiya milli vətənpərvər qüvvələrinin lideri, “Zavtra” qəzetinin baş redaktoru, İzbor klubunun sədri Aleksandr Proxanov bildirib.
“Biz şadıq ki, Azərbaycanda xaos geridə qalıb. Şadıq ki, Azərbaycan dövlətçiliyi humanizm, beynəlmiləlçilik əsasında qurulur, orada bu yaxınlara qədər mövcud olan rusofobiya qalıqları aradan qaldırılıb. Şadıq ki, Azərbaycanda rus dili və rus icması özünü depressiya vəziyyətində hiss etmir.Şadıq ki, Azərbaycan beynəlxalq arenada özünü getdikcə daha fəal göstərir, Böyük Yaxın Şərqdəki münaqişədə Azərbaycan getdikcə daha inamlı sülhməramlı tol oynayır. Azərbaycan Türkiyə, Rusiya və İranla gözəl münasibətlər yaradıb və bu dövlətlərlə münasibətlər gərginləşən zaman bu, Rusiya üçün olduqca vacib və faydalıdır. Buna görə də, fikrimizcə, Qarabağ ətrafında sülh məsələsi, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması, münasibətin yaranması birinci dərəcəlidir. Bu yaxınlarda baş tutmuş, Azərbaycan və Ermənistan prezidentlərinin göynəyən Qarabağ problemini göz-gözə müzakirə etdikləri yüksək səviyyəli görüşün keçirilməsinə şadıq”, - o deyib.
Proxanov həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında ictimai təşkilatlar arasında əlaqələrin dondurulması Rusiyada təəssüflə qarşılanır.
“Biz, İzbor klubu (Putinin milli-demokratik düşərgədəki tərəfdarlarının klubu – virtualaz.org) bu yaxınlarda sözügedən münaqişə rayonuna yaxın ərazidə geniş iclasımızın keçirilməsini istərdik. İnsanların hələ də həlak olduğu bu regionda bir daha sülhməramlı ideyaları, sülh ideyalarını, Rusiya üçün çox vacib olan bu problemin harmonik, humanist yolla həlli barədə danışmaq istərdik”, - Proxanov bildirib.