“NATO təlimində Atatürk və Ərdoğanən fotolarının hədəf taxtasına yerləşdirilərək, atəş açması hansısa zabitin əməli, yaxud təsadüfi hadisə deyil”.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib.Onun sözlərinə görə, bu hadisə düşünülmüş şəkildə təşkil olunub və məqsəd Türkiyəyə mesaj verməkdir: “Bu hadisəyə görə işdən azad olunan iki şəxsdən biri texniki əməkdaşdır, digəri isə Türkiyədən olan kürd əsilli zabitdir. Bu təlimlər virtual aləmdə keçirilirdi və hadisədən sonra dayandırıldı. Çünki Türkiyə təlimdə iştirak edən 40 zabitini geri çağırdı. Türkiyənin bu addımı da göstərir ki, hadisə zabitlərin şəxsi yanaşmasından qaynaqlanmır. Əslində, bu hadisənin arxasında NATO rəhbərliyində FETÖ-yə simpatiyası olanlar dayanır. Türkiyənin reaksiyasından sonra NATO gərginliyi azaltmaq üçün üzr istədi. Lakin məsələ bu qədər sadə deyil”.
N.Miri əlavə edib ki, NATO və bu ittifaqı idarə edən ABŞ Türkiyəyə qarşı münasibətdə təzyiq mexanizmlərinə üstünlük verir.
“Avroatlantik məkanın hərbi strukturu hələ də anlamır ki, bu cür təzyiqlərlə Türkiyəni yolundan döndərmək mümkün deyil. Digər tərəfdən, onlar Türkiyə lideri Ərdoğanın prinsipial xarakterini nəzərə almırlar. Türkiyə-NATO münasibətlərində Şimal Alyansı doğru siyasət aparmır. Onlar Türkiyəni təzyiqlərlə geri ram etmək istəyirlər, Türkiyə isə müstəqil şəkildə alternativ addımlar atır. Rusiyadan S-400 sistemlərinin alınması da buna bariz nümunədir. Suriya və İraqdan gələn təhdidlərlə qarşı Türkiyə S-400 almağa məcbur idi. Halbuki, NATO ölkələri belə sistemləri ona satmaq istəmirdi”, - deyə o bildirib.
Politoloq NATO-nun səhvlərini düzəltmək əvəzinə, yeni səhvlər etdiyinə diqqət çəkib: “Türkiyənin NATO silahları almasına məhdudiyyətlər qoyurlar. Hətta müəyyən hissəsi Türkiyədə istehsal edilən 5-ci nəsil F-35-lərə də məhdudiyyət qoyacaqları ilə hədələyir, Türkiyənin gələcəkdə NATO-dan uzaqlaşdırılacağını deyirlər. Lakin türkiyə əvvəlki Türkiyə deyil. Bu gün Türkiyə özünə lazım olan silahların 80 faizini özü istehsal edir. Türkiyənin “müttəfiqləri”ni narahat edən əsas məsələ də budur.
Türkiyənin digər cəbhələrlə yaxınlaşması NATO-nun strateji planına zərbə vurub. Çünki Türkiyə NATO və ABŞ üçün Yaxın Şərq ölkələri, Çin və Rusiya qarşısında bufer zonadır. Türkiyə BATO-dan çıxarsa, bu, əks cəbhənin əlini gücləndircək. Lakin nəticə etibarilə NATO heç nə edə bilməyəcək, əksinə, bu hadisələr Türkiyənin daha müstəqil siyasət yürütməsinə səbəb olacaq”.