İşğalçı ölkə destruktiv fəaliyyətdən əl çəkib həm özünü xilas edə bilər, həm də bölgəni böyük müharibə təhlükəsindən qoruyar
“Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü həllinə start verildikdən sonra mümkündür. Əgər Ermənistan işğaldan vaz keçərsə, ortaq layihələrin həyata keçirilməsi reallaşar”.“Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu Ermənistanın Azərbaycanın aparıcı rolu və iştirakı əsasında reallaşmış regional layihələrdə Ermənistanın iştirakının mümkün olub-olmaması ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi.
Qeyd edək ki, son vaxtlar işğalçı ölkədə İrəvanın bölgədəki iri layihələrdən kənarda qalmasından dolayı ciddi təşviş yaranıb. Üstəlik, İran və Ermənistanı birləşdirən magistral və dəmir yolu layihələrinin də normal hala gətirilməsi istiqamətində addımların artılması üçün maliyyənin mövcud olmaması erməniləri alternativlər axtarmağa vadar edib. Xüsusilə də Ermənistanın sığındığı Rusiyanın Azərbaycanla birgə nəhəng layihələrin reallaşması prosesində rol alması, həmçinin Bakı-Tiflis-Qarsa şimal qonşumuzun da qoşulması perspektivi İrəvanı çıxılmazda qoyub. Bu səbəbdən ermənilər Gürcüstanla separat danışıqlara gedib Bakı-Tiflis-Qars layihəsinə qoşulacaqlarına ümid edirlər. Hətta çox uzağa gedərək Azərbaycanla Ermənistan arasında birbaşa iqtisadi əlaqələrin bərpasının mümkün olacağına sadəlöhvcəsinə ünananlar da tapılır.
Ancaq politoloq E.Şahinoğlu fərqli fikirdədir: “Birincisi, münaqişə başlayandan sonra dondurulan dəmiryolu işə düşə bilər. Ermənistanın buna həyati ehtiyacı var. Çünki Abxaziya münaqişəsinə görə Rusiya-Gürcüstan dəmiryolu bağlıdır və nə zaman açılacağı bəlli deyil. Ermənistan bir neçə dəfə buna cəhd etsə də, bu alınmır. Çünki Rusiya Abxaziyanın ”müstəqilliyini" tanıyıb və Tiflislə diplomatik münasibətləri dondurub".
E.Şahinoğlunun fikrincə, demək, bu halda Ermənistan üçün yeganə şans Azərbaycana torpaq iddiasından əl çəkməkdir ki, Rusiya ilə Azərbaycan üzərindən dəmiryolunu işə düşməsindən istifadə edə bilsin: “İkincisi, Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkəcəyi halda regional layihələrə qoşula bilər. Məsələn, Ermənistanın işə düşən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizlərinə qoşulması imkanı mümkündür. Bu halda Ermənistandan həmin xətlərə qısa məsafəli dəmiryolları çəkiləcək. Üçüncüsü, münaqişənin həlli halında Ermənistanın Azərbaycan və Türkiyə ilə birbaşa əlaqələri bərpa olunacaq ki, bu iqtisadi əlaqələrin bərpasını da reallığa çevrilə bilər”.
Ancaq ekspert deyir ki, bütün bunlar ehtimallardır: “Birinci növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir. Əslində böyük sülh birinci növbədə Ermənistana və Dağlıq Qarabağda yaşayan ermənilərə lazımdır. Çünki Azərbaycan torpaqlarını işğal altında saxlamaq onlara rahat həyat vəd etmir”.
Demək, İrəvan üçün sonuncu şansdır. Bu, həm də unikal şansdır. İşğalçı ölkə destruktiv fəaliyyətdən əl çəkməklə, danışıqlarda konstruktiv mövqe sərgiləyib torpaqların azadlığını özündə əks etdirən sülh sazişinə imza atmaqla həm özünü xilas edə bilər, həm də bölgəni böyük müharibə təhlükəsindən qoruyar. Hər kəs bilir ki, növbəti müharibə başlasa, bu, dəhşətlərə səbəb olacaq, Ermənistanın varlığı isə sual altına düşəcək.