Əli Əliyev: “Ermənilərdən fərqli olaraq katalonlar silahlı deyil, demokratik mübarizə aparırlar”
İspaniya məhkəməsinin sabiq Kataloniya rəhbərləri ilə bağlı həyata keçirdiyi həbslər Azərbaycanda da Qarabağdakı qondarma rejimlə bağlı da oxşar addımların atıla biləcəyi ilə bağlı fikirləri aktuallaşdırmaqdadır.Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən VİP sədri Əli Əliyev İspaniyadakı hadisələr fonunda Qarabağ həqiqətlərinin Azərbaycanın maraqları baxımından təbliğinə gözəl fürsət yaratdığını vurğuladı:
“Əslində Kataloniya məsələsi, bu separatçı hərəkata Avropa Birliyi rəhbərliyi, qocaman Avropa dövlətlərinin münasibəti Azərbaycan üçün təcavüzə məruz qalmış, ərazisi işğal olunmuş, 1 milyon məcburi köçkünü olan bir dövlət olaraq, unikal şərait və fürsətdir. Təəssüf olsun ki, hökumət hərəkətsiz görünür. Tərəfimdən onlara təklif də irəli sürülüb. Bu mövzuda beynəlxalq forum keçirməyi, Madridlə Barselona arasında danışıqlar üçün Bakının məkan elan olunması üçün fəal olmağa çağırmışam. Lakin heç bir hənirti yoxdur. Belə və yaxud buna bənzər addımların atılması işğal olunmamızı, Qarabağ problemini dünya gündəliyinə salmış olar. Qarabağ məsələsinin Kataloniyadan fərqli bir neçə bizim xeyrimizə olan nüansı vardır. Dağlıq Qarabağ separatçılarından fərqli olaraq katalonların heç bir dövlət qurumu yoxdur. Ermənilərdən fərqli katalonlar silahlı deyil, demokratik mübarizə aparırlar. Sadaladığım faktorlar nəzərə alınarsa, Azərbaycanın ərazi bütövlüyü dünyaya İspaniyaya hadisələrinin gedişatında ciddi şəkildə çatdırılmalıdır. Fikrimcə, bizim halda Dağlıq Qarabağ separatçılarının həbsi məsələsi aktuallığını itirib, bi işi yalnız təbliğat xarakterli məqsəd üçün etmək olar. Çünki separatçıların başçıları Köçəryan və Sərkisyanla Azərbaycanın dövlət rəhbərləri uzun müddətdir ki, rəsmi şəxslər kimi danışıqlarda iştirak ediblər. Biz zamanında bu şəxslər haqda Haaqa məhkəməsinə hərbi cinayətkarlar kimi iddia qaldırmalıydıq. Onlarla birlikdə digər erməni hərbi və siyasi rəhbərləri haqqında da eynilə. Lakin biz bu şansı ötürmüşük. Azərbaycan tərəfi olaraq biz daxili konsolidasiya və hüquqi-siyasi müstəvidə ədalətə nail olub, beynəlxalq səviyyədə haqqımızı təsbit edib torpaqlarımızı azad etməkdən savayı yolumuz yoxdur. Heç bir 3, 5, 7 rayon, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Şurası, rus “sülhməramlı qüvvələr”i kimi xülya mövzular Azərbaycan maraqlarına cavab vermədiyindən yaxın buraxılmamalıdır”.