“Biz KİV-in inkişafı istiqamətində addımlar atmışıq və bu gün bu sərgidə milli mətbuatın bayramını təşkil edirik”.
APA-nın məlumatına görə, bu sözləri İranın İslami irşad və mədəniyyət naziri Abbas Salehi Tehranda keçirilən XXIII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalının rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, bu gün KİV milli təhlükəsizliyin əsas sütunudur və cəmiyyət mətbuatsız təhlükə ilə üz-üzə qala bilər.Daha sonra çıxış edən İran prezidentinin birinci müavini İshaq Cahangiri mətbuat sərgi-festivalına yüksək qiymət verib: “Hamı buraya yığışır, danışıq aparır və bu, əməkdaşlığın inkişafına səbəb olur. Mən bütün əhalini sərgiyə baxış keçirməyə dəvət edirəm. Hamımızın borcudur ki, mətbuatla bir olaq. Mətbuatdan qorxmaq və uzaqlaşmaq lazım deyil, mətbuatla işləmək lazımdır. Mətbuat məlumatlandırma mərkəzidir, məhəbbət toxumunun əkin sahəsidir, nifrətin deyil. Mətbuat dostluq və milli həmrəylik yeridir, düşmənçilik deyil. Bu gün cəmiyyətdə mətbuatın müsbət tərəflərindən istifadəyə ehtiyac var. Dövlət cəsarətli mətbuatı öz xeyrinə görməli və tənqidləri təmkinlə qarşılamalıdır”.
İ.Cahangirinin sözlərinə görə, mətbuatın bacarığı ondadır ki, tənqid və xəbərdarlığı vaxtında səsləndirir ki, islahat aparılsın: “Cəmiyyətin bu növ mətbuata ehtiyacı var. Mətbuatın inkişafı zəruridir. Mətbuat inkişaf etməsə, İranda inkişaf getməyəcək. Bu məsələyə diqqət edilməlidir”.