Azərbaycandan Dəniz Baykala “keçmiş olsun” mesajı göndərilibmi?

Azərbaycandan Dəniz Baykala “keçmiş olsun” mesajı göndərilibmi? backend

Məlum olduğu kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal bu günlərdə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatında onun beyin ölümü keçirdiyi barədə xəbərlər də yayılıb.

Qeyd edək ki, Dəniz Baykal bu günlərdə keçirdiyi krizisin ardından 3 dəfə əməliyyat olunub. Varşavadan səfərdən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalın vəziyyətinin yaxşı olmadığını öyrənən kimi dərhal məsələyə əl qoyub. Ərdoğanın göstərişi ilə məşhur beyin cərrahı prezident təyyarəsi ilə Ankaraya gətirilib. Məşhur cərrah ilə birlikdə Dəniz Baykalın əməliyyatına və müayinəsinə Türkiyənin Yedi Tepe Universitetinin şöbə müdiri də qatılıb. D.Baykalın beyin ölümünün hələ gerçəkləşmədiyini, onun vəziyyətini şəxsən izlədiyini deyən Uğur Türe sonuna qədər millət vəkilinin durumunu nəzarətdə saxlayacağını vurğulayıb. Ankara Universitetinin rektoru isə bildirib ki, millət vəkilinin vəziyyəti çox ağırdır və həyati təhlükəsi hər an üçün gözləniləndir.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən Dəniz Baykal Azərbaycan hökumətinin əleyhinə səs vermişdi. Onun bu addımı ölkəmizdə heç də birmənalı qarşılanmamışdı.

Bəs, Azərbaycanın müxalifət liderlərindən kimsə Dəniz Baykala və yaxud təmsil etdiyi CHP-yə “keçmiş olsun” mesajı göndəribmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında artıq belə bir mesaj göndərdiyini bildirib: “Biz artıq “keçmiş olsun” mesajını göndərmişik. Mənim ona və partiyasına olan münasibətim normaldır. Mütəmadi olaraq partiyanın rəhbərliyi ilə telefon danışıqlarımız olur. Dəniz Baykal Azərbaycanı sevən birisidir və ölkəmizə münasibəti hər zaman yaxşı olub. Təmsil olunduğu siyasi təşkilatın da dəyərlərinə hörmətlə yanaşan şəxsdir”.

ADP sədri Sərdar Cəlaloğlu isə partiyasının CHP ilə hər hansı bir əlaqəsinin olmadığını dedi: “Həm ideoloji baxımdan, həm də onun Azərbaycanla bağlı mövqeyi ilə bağlı olaraq bizim onunla heç bir əlaqəmiz yoxdur. Dəniz Baykal ilə zamanında 3 dəfə görüşmüşəm. Bir dəfə məndən soruşdu ki, “Sizin ölkədə bir şey var, qarşıdurma, onun axırı necə oldu?” Əvvəlcə elə başa düşdüm ki, sabiq prezident Elçibəyin dövlət çevrilişi ilə bağlı məsələsindən söz açır. Dedi ki, “Yox, ermənilər ilə sizin arasınızda olan qarşıdurmanı deyirəm”. Dedim ki, “Yəqin ki, Dağlıq Qarabağ problemini deyirsiz”. Bildirdi ki, “Hə, onu deyirəm”. Təsəvvür edin ki, bu adam Dağlıq Qarabağ münaqişəsinin adını belə, bilmirdi. Və Azərbaycandan o qədər xəbərsizdir ki, hadisənin necə bitməsini soruşur. Bildiyiniz kimi, Dəniz Baykal uzun müddətdir ki, siyasətdədir, baş nazirin müavini, CHP sədri olub, amma bir dəfə də olsun, Azərbaycana səfər etməyib. Onun ölkəmizlə bağlı aydın siyasəti yoxdur. Ona görə də onunla heç bir əlaqə yaratmırıq”.

AĞ partiyanın sədri Tural Abbaslı isə məsələyə belə mövqe bildirdi: “Təəssüf ki, bizdə hələlik qonşu dövlətdə baş verən bu cür hadisələrə reaksiya vermək ənənəsi, müəyyən kanallar yoxdur. Amma olsaydı, yaxşı olardı. Burda daha çox hakimiyyət dövlət adından çıxış edərək hadisələrə reaksiya verə bilir. Amma Dəniz Baykala gəldikdə, qeyd edim ki, onun adı ölkəmizdə heç də birmənalı olaraq hallanmır. Onun beynəlxalq qurumlarda ölkəmizlə bağlı mövqeyinə, iqtidar və müxalifətlə bağlı fikir ayrılıqlarına görə inanmıram ki, kimsə rəsmi qaydada ona “keçmiş olsun” mesajını versin. Amma təbii ki, heç kim istəməz ki, insanların başına bu cür hadisələr gəlsin, xəstəlikdən ölsün. Amma bizim Dəniz Baykala bu cür müraciət ünvanlamaq kimi fikrimiz, niyyətimiz yoxdur”.
Diaspora