Dünən axşam Qızılhacılı kəndində deputatlığa namizəd "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar qaydada namizəd irəli sürülən Ceyhun Çovdarov və onun dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov, eləcə də kənd sakini Elmar Hüseynov güllə yarası alıb.
Hadisə ilə bağlı “Gürcü arzusu” koalisiyasından Gürcüstan parlamentinin üzvü Mahir Dərzili Musavat.com-a açıqlamasında güllələnmə hadisəsi ilə bağlı danışıb: “Hadisə axşam saat 11-12 radələrində baş verib. "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın olunub. Naməlum şəxslər avtomat silahlardan atəş açıb. Nəticədə 5 nəfər yaralanıb. Dünən Gürcüstan qanunvericiliyinə görə, təbliğat-təşviqat kampaniyasının son günü idi. Seçki qərargahında qərargahın üzvləri və deputatlığa namizəd seçki ilə bağlı toplantı keçirirmişlər. Qərargahın qarşısında fəallar üçün çay içməyə çadır qurmuşdular. Kənardan çadırda olanlara qaranlıq bir yerdən atəş açılıb. Hazırda onların yerləşdiyi xəstəxanadan gəlirəm. Xəstəxananın baş həkimi ilə də görüşdüm. Vurulanlardan iki nəfər - Ceyhun Çovdarov və Vüqar Bayramov reanimasiyadadır, vəziyyətləri stabil ağırdır. Digər iki nəfərin isə vəziyyəti yaxşıdır, palatadadırlar. Anar Məmişovun sağlığı ilə bağlı problem olmadığından xəstəxanadan buraxıldı. Reanimasiyada olanlar qarın, digərləri isə ayaq və qol nahiyəsindən yaralanıb”.M.Dərzili baş verənlərin dövlətçiliyə qarşı yönəlmiş təxribat kimi qiymətləndirdi: “Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrişvili də hadisə yerinə gəldilər. O, baş verənlərlə bağlı mətbuata açqılama verdi. İstintaqın nəticələri bilinənədək hər hansı fərdi fərziyyə və ehtimal irəli sürmək qeyri-mümkündür. İstintaq və operativ əməliyyat axtarış tədbirləri gedir. Mən də baş verənlərlə bağlı bir fikir deyə bilmərəm. Demək istədiyim odur ki, şükür edirəm ki, cavanlarımız sağdırlar. Həyatları üçün hələlik bir təhlükə yoxdur. Amma bir siyasətçi kimi bunu bütövlükdə Gürcüstan dövlətçiliyinə qarşı yönəlmiş bir təxribat kimi qiymətləndirirəm. Adi bir kriminal hadisə çərçivəsində baş verənlərə qiymət vermək olmaz. Bütövlükdə dövlətçiliyə, dövlətçiliyin əsasına qarşı yönələn bir hadisədir. Bizim ölkədə əminamanlıq, asayiş çox yüksək səviyyədədir. Belə bir halı, belə bir hərəkəti, kimlərin törətməsindən asılı olmayaraq, bütövlükdə dövlətçiliyə qarşı yönəlmiş bir hal kimi qiymətləndirirəm”.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən hadisə ilə bağlı Gürcüstan cinayət məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlayıb istintaq aparılır.