Çox sağ ol, Dino! Bakıda dirəyə vurduğun zərbəyə görə də, Danimarkada vurduğun qola görə də!
Mənim üçün bu gün ən böyük Vətənpərvər sənsən! Ağdamın çörəyi sənə halal olsun! Hə, hə. Ağdamın çörəyi sənə halal olsun... Ağdamın çörəyi sənə halal olsun, Qurban Qurbanov! Və sənin inandığın, güvəndiyin komandada kim varsa, hamısına! Ağdamın çörəyi Sizə halal olsun, Gözəl qardaşlar!Bilirsiniz niyə belə deyirəm? Hamı bilir ki, Ağdam çörəkli şəhər olub. Təkcə ona görə yox ki, Ağdamda Çörək muzeyi vardı...
Ağdamda hamıya çörək çatırdı. Ağdamın ağır günlərində, Azərbaycanda çörəyin tapılmayan günlərində də. Məhz o ağır günlərdə də “Qarabağ”ı Ağdam camaatı yaşadıb. Komandaya “Qarabağ” adını vermək təklifini mərhum ziyalımız Zeynal Məmmədov irəli sürmüşdü. Bu gün bu adın nəyi ifadə etdiyini xüsusi izah etməyə ehtiyac yoxdu. Əsas odur ki, bu klub bu adı doğruldur.
Amma bu günə gələnə qədər nələri yaşayıb bu komanda? "Pirojki" yeyib oyuna çıxdıqları vaxt da olub. Amma bu komandanı yiyəsiz, kimsəsiz qoymayıblar. Adil Nadirovdan tutmuş Aqil Abbasa qədər və adını çəkmədiyim Ağdam adına, Qarabağ adına bağlı bir çoxları bu komandanı qorumaq üçün əziyyətlərə qatlaşıblar. Qoruyublar bu komandanı. Bu gün Dinoya, Ansiyə, Kubaya, Mişelə, Şehiçə halal olan çörəyi qoruyurdular. Bax bu idi Ağdamın çörəkli şəhər olması. Ağdam çörəkli şəhər olub. Hətta o qədər çörəkli ki, bu gün də o çörək yeyilir. Olmayan şəhərin çörəyindən bu gün bütün Azərbaycana pay düşür.
“Qarabağ”ın yazdığı tarix Azərbaycan futbolunun qızıl səhifəsidir. Olmayan şəhərin komandası Azərbaycan futbolunun tarixini yazır.
Amma məsələnin başqa bir tərəfi də var – Qarabağ. Bəli, bu gün “Qarabağ” klubu təkcə Azərbaycan futbolu üçün yox, həm də Qarabağ üçün əvəzsiz işlər görür. Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi qədər mühüm işlər. Özü də təkbaşına görür “Qarabağ” bu işləri. Tək-ba-şı-na!
Bu sevincli gündə “Qarabağ”ın təkliyindən danışıb əhvalınızı korlamaq istəmirəm. Qarşıda hələ Çempionlar Liqasının 6 oyunu var. Bu nə auditoriyadır? Yəqin bilənlər bilir. Qarabağ həqiqətlərini qulağı zəifləyən Qoca Qitənin qulağına bağırmaq üçün hələ 6 fürsətimiz var. “Qarabağ” mümkün olanı da, olmayanı da elədi. Sanki vətəndaşlıq, vətənpərvərlik borcunu qaytarır “Qarabağ” kollektivi. Bu gün bütün “Qarabağ” kollektivinin üzvləri ən böyük vətənpərvərlərdir. Amma onların da ən vətənpərvəri bizim legionerlərdi – Dino Ndlovu kimi...
Lent.az