“İranlı kinorejissor Məcid Məcidinin lentə aldığı “Muhəmməd Allahın elçisidir” filmini izlədim. Film barədə gözləntilərim çox idi. Amma məyus oldum”.
QAZİLƏR.AZ Lent.az-a istinadən bildirir ki, bu sözləri rejissor, eyni zamanda araşdırmaçı-yazar Zaur Tahirsoy iranlı kinorejissor Məcid Məcidinin Peyğəmbər haqqında filminə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bahalı texnikadan irəli gələrək görüntü səhnələr ayrı ayrılıqda yaxşıdır. Lakin filmin süjet xətti və gedişatı qənaətbəxş deyil: “Sanki Peyğəmbərin zamanında baş verən hadisələr lentə alınıb, amma hadisələr arasında bağlılıq yoxdur. Filmin gedişatı insanı ekrana kilidləyəcək qüdrətinə malik deyil. Fikrimlə razılaşmayıb, “yox bu filmdə böyük mesajlar var” deyənlər də ola bilər. Onlara cavabım budur ki, lentə alınan hər bir filmdə topluma faydalı mesajların olması aksiomadır. Yox əgər desəniz ki, “ bu filmdəki mesajların özəlliyi islam dininin sülh və əmin din olmasındadır” o zaman Mustafa Akkadın 1976- cı ildə 10 milyon büdcə ilə lentə aldığı “The Message” (Çağırış) filmində də eyni mesajlar mövcuddur. Hətta filmin ekranlara çıxmasından sonrakı 2 il ərzində 21 min adam İslamı qəbul etdi. Ümumilikdə isə, 18 milyon insanın islamı qəbul etməsinə vəsilə olduğu söylənilir. Anlayacağınız, İslam peyğəmbərinin həyatı haqqında film çəkilirsə, orada “islam bütün səmavi dinləri qəbul edir”, “islam rəhmət və sülh dinidir” kimi mesajların olması zatən labüddür. Bu heç vaxt həmin filmin üstünlüyü kimi qələmə verilə bilməz. Bu film maraqlı süjet xətti və qan donduran gedişatıyla səçilməliydi. Əfsus ki, quru gurultudan başqa bir şey deyildi”.