Tarixçi alim Nəsiman Yaqublu deputat, ASDP sədri Araz Əlizadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və lideri Məhəmməd Əmin Rəsulzadənin ünvanına söylədiyi ittihamlara cavab verib.
QAZİLƏR. AZ Modern.az-a istinadən bildirir ki, N.Yaqublu açıqlamasında A.Əlizadənin tamamilə əsassız çıxış etdiyini vurğulayıb:
“Necə deyərlər, heç prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncamının mürəkkəbi qurumamış burada qoyulan fikirlərə dolayısı yolla hücumlar başlanır. Həmin sərəncamdan bir gün sonra mən öz təkliflərimi hazırlayıb ölkə başçısına göndərmişəm.Orada da qeyd etmişəm ki, Gürcüstan və Ermənistan respublikaları da öz müstəqilliklərinin 100 illik yubileyini qeyd edəcəklər. Biz çalışaq ki, onlara bu ciddi proseslərdə uduzmayaq. Bu hadisələr həm də dünyanın diqqətində olacaq. Çalışmalıyıq ki, Azərbaycanın adını yalnız “Avroviziya”, “Formula-1”, İslam Oyunları ilə yox, həm də demokratik dövlət qurmaq bacarığımızla dünyaya nümayiş etdirək. Bu dövlətin qurulmasında isə Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının rolu əvəzsizdir. Nəhayət, düşünürəm ki, cənab Araz Əlizadə heç olmasa mənim yazdığım “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitabını oxusun və onda nə qədər yanlışlığa yol verdiyini onda biləcək”.